ELM VƏ TƏHSİL


Təbiətşünaslığın tarixinə dair oçerklər - elmin inkişafına yönələn töhfə

Bakı, 9 oktyabr, AZƏRTAC

Oktyabrın 9-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutu tərəfindən hazırlanan təbiətşünaslığın tarixinə dair oçerklərin təqdimatı olub.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, bu qurumun Mərkəzi Elmi Kitabxanasında keçirilən tədbirdə akademiyanın vitse-prezidenti, akademik İsa Həbibbəyli institutun fəaliyyətə başladığı qısa dövr ərzində ərsəyə gətirdiyi oçerkləri elmin inkişafına yönələn töhfə kimi dəyərləndirib. O, ictimaiyyətə təqdim edilən nəşrlərin Azərbaycanda təbiətşünaslığın tarixinə dair ilk mühüm tədqiqat olduğunu vurğulayıb.

Oçerklər haqqında geniş məlumat verən Elm Tarixi İnstitutunun direktoru, tarix elmlər doktoru, dosent Məryəm Seyidbəyli bildirib ki, AMEA-nın prezidenti, akademik Akif Əlizadənin “Təbiətşünaslığın tarixinə dair oçerklərin hazırlanması haqqında” 2016-cı il 30 dekabr tarixli sərəncamına əsasən hazırlanan oçerklərin hər biri dörd fəsildən ibarətdir. Nəşrlər arxiv materialları, müvafiq institutların alimlərinin təklif və rəyləri əsasında ərsəyə gəlib.

Qeyd olunub ki, oçerklərdə təbiətşünaslıq elmlərinin təşəkkülünün mərhələləri, Azərbaycanda bu istiqamətin müstəqil elm sahəsi kimi formalaşması tarixi barədə məlumatlar yer alıb. Nəşrlərdə, həmçinin sovet dövründə Azərbaycanda təbiət elmlərinin inkişaf istiqamətləri, eyni zamanda, müstəqillik illərində AMEA-nın elmi-tədqiqat institutları və respublikanın digər ali təhsil müəssisələrində bu sahədə aparılan fundamental və tətbiqi tədqiqatlar, eləcə də əldə olunmuş mühüm nailiyyətlər əksini tapıb.

Akademiyanın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova, Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə, Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov və başqaları təqdim edilən oçerklərin əhəmiyyətindən danışıb, nəşrlərin gələcək nəsillər üçün böyük ərməğan olduğunu söyləyiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.