İQTİSADİYYAT
Təbii qaza görə borc ödənişini təmin etməyən 66 min 624 abonentin qaz təminatı dayandırılıb
Bakı, 4 oktyabr, AZƏRTAC
Bu ilin 6 ayı ərzində aşkar edilmiş qeyri-qanuni istifadə hallarının nəticəsində yaranan itirilmiş qaz həcminin bərpası məqsədilə “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən 11 min 486 akt tərtib edilib. Qazdan qeyri-qanuni istifadə hallarının nəticəsində dəymiş 543508,6 manat (27175443 kubmetr) ziyanın ödənişinin təmin edilməsi məqsədilə müvafiq tələbnamələr hazırlanıb və ödənilməsi üçün abonentlərə təqdim olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi” üzrə yarımillik monitorinq və qiymətləndirmə hesabatında deyilir.
Bildirilir ki, əhali sektoru üzrə satılan qazın dəyəri tam yığılmaqla aprel ayı ərzində 664 min manat, may ayı ərzində 5257 min manat, iyun ayı ərzində isə 3538 min manat debitor borc yığılıb. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada iddiaların qaldırılması üçün aprel ayı ərzində 550 abonent üzrə 473 min manat, may ayı ərzində 1408 abonent üzrə 1449 min manat, iyun ayı ərzində isə 627 abonent üzrə 354 min manat debitor borc siyahısı hazırlanıb. 399 abonentə qarşı məhkəmə iddiası qaldırılıb. Təbii qazdan istifadəyə görə yaranmış borcun ödənişini təmin etməyən 66 min 624 abonentin qaz təminatı dayandırılıb. Qeyri-əhali sektoru üzrə satılan qazın dəyəri tam yığılmaqla may ayı ərzində 6755 min manat, iyun ayı ərzində isə 4091 min manat debitor borc yığılıb. 14 nazirlik və 12 digər büdcə təşkilatları üzrə 32302 min manat borcun ödənilməsi üçün həmin təşkilatlara rəsmi müraciət olunub. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada iddiaların qaldırılması üçün aprel ayı ərzində 155 müəssisə üzrə 12 milyon 921 min manat, iyun ayı ərzində isə 328 müəssisə üzrə 2 milyon 240 min manat debitor borc siyahısı təqdim olunub. 96 müəssisəyə qarşı məhkəmə iddiası qaldırılıb.