İQTİSADİYYAT


Təbii resurslardan səmərəli istifadədə hərracların əhəmiyyəti

Faydalı qazıntı yataqları hərrac qaydasında istifadəyə verilir - şərtlər, qaydalar, ilkin nəticə

Bakı, 27 aprel, AZƏRTAC

Prezident İlham Əliyev tərəfindən aparılan iqtisadi islahatlar ölkədə davamlı iqtisadi inkişafın təmin edilməsinə, işgüzar mühitin əlverişliliyinin daha da artırılmasına, bölgələrdə cəlbedici investisiya imkanlarının yaradılmasına, azad rəqabət şəraitində sahibkarlığın inkişafına yönəlib. Ölkəmizdəki təbii resurslardan məqsədəuyğun istifadə, ekoloji və texnoloji normalar gözlənilməklə faydalı qazıntı mənbələrindən səmərəli formada bəhrələnmək, bu sahəyə sərmayə qoyulması ölkə iqtisadiyyatına mühüm töhfə verəcək addımlardır.

Faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə ilk hərrac

Hərracların təşkili dövlət əmlakının özəlləşdirilməsində əsas mexanizmlərdəndir. Bu sahədə yenilik olaraq, faydalı qazıntı yataqlarından istifadə sahəsində əlverişli biznes mühitinin yaradılması, rəqabətliliyin təmin edilməsi, bu sahədə fəaliyyət göstərmək istəyən sahibkarlar üçün prosedurları sadələşdirmək məqsədilə yataqların hərrac qaydasında istifadəyə verilməsinə başlanılıb.

Artıq faydalı qazıntı yataqlarının istifadəyə verilməsi ilə bağlı ilk hərrac İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında keçirilib. Hərracda “Fəxrəddin-K” MMC “Göygöl-1” gil yatağı üzrə istismar hüququ qazanıb.

Hərrac şərtləri və keçirilmə qaydası

Hərracda Azərbaycan Respublikasının, habelə xarici ölkələrin hüquqi və fiziki şəxsləri iştirak edə bilərlər. Yer təki sahəsindən faydalı qazıntı çıxarılması üçün hərrac iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalı, hərracda iştirak etmək üçün müvafiq sənədləri təqdim etməlidirlər. Bu şəxslər İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, yerli icra hakimiyyəti orqanının və Fövqəladə Hallar Nazirliyinin nümayəndələrindən təşkil edilmiş ekspert komissiyasının qərarına uyğun olaraq hərraca dəvət olunur.

Faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə keçirilən hərracda iştirak etmək üçün iddiaçılar hərrac haqqında elanda qeyd оlunmuş məbləğdə xidmət haqqı və beh ödəməlidirlər.

Qeyd edək ki, faydalı qazıntı yataqlarının istismara verilməsi üzrə hərraclar İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təşkil olunur. Hərrac elanı, hərraca çıxarılan faydalı qazıntı yataqlarına dair ətraflı məlumat, iştirak qaydaları və şərtləri hərracın keçirilməsinə 30 təqvim günü qalmış Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytına (emlak.gov.az) və Özəlləşdirmə portalına (privatization.az) yerləşdirilir.

Yaxın zamanlarda növbəti hərracların keçirilməsi nəzərdə tutulur. Artıq Goranboy rayonu Qarasuçay qum-çınqıl yatağının ərazisində yer təki sahələrinin istifadəyə verilməsi üçün sənədlərin qəbululuna başlanıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.