ELM VƏ TƏHSİL
“Təbii və tullantı sularının sorbsiya metodları ilə tənzimlənməsi” kitabı çapdan çıxıb
Bakı, 23 noyabr, AZƏRTAC
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, akademik Dilqəm Tağıyev, müəssisənin əməkdaşları Əli Yaqubov, Səadət Məmmədova və Elmira Teymurovanın həmmüəllif olduğu “Təbii və tullantı sularının sorbsiya metodları ilə tənzimlənməsi” kitabı rus dilində çapdan çıxıb.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, müvafiq təmizlənmədən sonra çirkab sularının təkrar emalı və istifadəsi, eləcə də təbii suların təmizlənməsi və istifadəyə verilməsi su ehtiyatlarının tükəndiyi hazırkı durumda mövcud vəziyyətin uğurla həllinə kömək edə bilər. Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı”nda alternativ mənbələrdən, o cümlədən qrunt, təmizlənmiş tullantı, kollektor-drenaj sularından, balıqçılıq təsərrüfatlarında istifadə olunan sulardan və Xəzər dənizinin suyundan istifadə imkanlarının araşdırılması ilə bağlı alimlər qarşısında da vəzifələr qoyulub. Qeyd olunanları nəzərə alaraq çap edilən kitabda təbii və tullantı sularının təmizlənməsi məsələləri araşdırılaraq işıqlandırılıb. Yeni nəşrdə təbii və tullantı sularının zərərli və bioloji cəhətdən oksidləşməyən üzvi və qeyri-üzvi maddələrdən, ağır metal ionlarından aktiv kömür, mineral və sintetik materiallarda təmizlənməsində sorbsiya üsullarının üstünlüklərindən bəhs edilib.
Monoqrafiyada, həmçinin suyun təkrar istifadəsinə, bunun şəhər sutəmizləyici qurğularında tullantı məhsullarının azalmasına təsiri, tullantı sularının təkrar emalında qapalı sistemlərin əsas prinsiplərindən və sorbsiya proseslərində işlənmiş sorbentlərin bərpası texnologiyasına geniş yer verilib.