REGİONLAR
Təbii yolla hazırlanan qax həm bir çox xəstəliklər üçün faydalı, həm də maddi cəhətdən daha sərfəlidir VİDEO
Gəncə, 19 aprel, Elcan Məmmədov, AZƏRTAC
Gündəlik həyatımızda ən çox istifadə etdiyimiz qənnadı məhsullarından biri də qənddir. Lakin təbii yolla hazırlanan qax həm qəndi əvəz edir, həm bir çox xəstəliklərin müalicəsində faydalıdır, həm də maddi cəhətdən daha sərfəlidir.
Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə xurmadan qax hazırlayan 78 yaşlı Gəncə sakini Müzadil Əliyev deyib.
O, xüsusilə şəkərli diabet xəstələri və öskürəkdən əziyyət çəkən insanların mütləq xurmadan hazırlanan qaxdan istifadə etməli olduğunu deyib: “Sentyabr-oktyabr aylarında xurmaları açıq havada yağış suyu dəyməməsi şərti ilə ipdən asıram. Təxminən dekabrın sonlarına doğru xurmalar artıq hazır olur. Ondan sonra həm bütöv formada, həm də xırda-xırda doğrayaraq qənd kimi istifadə edirəm. Bir xırda parça ilə rahat bir-iki stəkan çay içmək olar”.
Müsahibimiz xurmadan hazırlanan qaxı həm də bir çox xəstəliklərin müalicəsində istifadə etdiyini diqqətə çatdırıb.
“Bu formada qəndi (red: qax) ən çox nəvələrim üçün hazırlayıram. Özüm də yatanda bir xırda parça dilimin altına qoyuram. Tərkibində təbii yod olduğuna görə nəfəs yollarını bir çox yoluxucu xəstəliklərdən qoruyur. Bununla yanaşı, təbii qənd quru öskürəyin müalicəsində də çox faydalıdır. Təbii qəndin dadının da yaxşı olması ondan istifadəni daha rahat və dadlı edir,”- deyə M.Əliyev deyib.
O, xurmadan qax hazırlamaqla yanaşı, bir çox meyvələrdən də ürək, böyrək və mədə-bağırsaq xəstəliklərinin müalicəsi üçün təbii şirələr düzəldir.