MƏDƏNİYYƏT
Təbriz Teatrının rəhbəri Musiqili Teatrda
Bakı, 3 dekabr, AZƏRTAC
İranın məşhur komediya aktyoru, güneydə yaşayan soydaşlarımızın sevimli gülüş ustası, Təbriz Teatrının rəhbəri, İran İslam Respublikası Şərqi Azərbaycan Teatr Assosiasiyasının sədri Babək Nəhreyn Azərbaycan Dövlət Musiqili Teatrında olub.
Musiqili Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, teatrın direktoru, Əməkdar İncəsənət Xadimi Əliqismət Lalayev qonağa ölkə rəhbərliyinin Azərbaycan teatr sənətinin, mədəniyyətinin yüksək səviyyədə inkişafı, habelə beynəlxalq arenada tanıdılması üçün çox mühüm və vacib işlər gördüyünü bildirib. Teatr sənətinin inkişafına dair Dövlət proqramının qəbul edilməsinin Azərbaycan teatrlarının inkişafında müstəsna rol oynadığı, Mədəniyyət və Turizm Nazirliyinin bu proqramdan irəli gələn məsələləri uğurla yerinə yetirdiyini xüsusi olaraq vurğulayıb.
“7-8 noyabr tarixlərində ölkəmizdə “Teatr və multikulturalizm” mövzusunda IV Bakı Beynəlxalq Teatr Konfransı keçirildi. Bu mötəbər tədbirdə dünyanın 40-a yaxın ölkəsindən təqribən 150 nümayəndə iştirak edirdi. Demək olar ki, dünyanın mədəniyyət ürəyi, teatr nəbzi iki gün ərzində Azərbaycanın paytaxtında döyündü. Belə böyük, genişmiqyaslı tədbirin yüksək səviyyədə Bakıda keçirilməsi bir daha dövlətimizin teatra, incəsənətə, ümumilikdə mədəniyyətə qayğısının, diqqətinin bariz nümunəsidir”, - deyə Ə. Lalayev bildirib.
Sonra o, oktyabrın 31-dən noyabrın 1-dək Tehranda keçirilən teatr sənəti üzrə I regional elmi-nəzəri beynəlxalq konfransda iştirakından söz açıb, təəssüratlarını bölüşüb.
“Biz Təbrizdə Azərbaycan Dövlət Televiziyasını izləyə bilirik. Bir çox təbrizlilər kimi mən də həm Azərbaycan Televiziyasında, həm də internet vasitəsilə sizin teatrın müxtəlif tamaşalarını izləmişəm. Tərtibatına, quruluşuna, aktyorların ifasına heyran olduğum bu tamaşalar məndə çox böyük, həm də xoş təəssüratlar yaradıb. Özümə söz vermişdim ki, mütləq sizin teatrla əlaqə yaradım. Buna görə də Azərbaycana ayaq basan kimi ilk işim sizin teatra gəlmək oldu. Burada – sizin rəhbəri olduğunuz Dövlət Musiqili Teatrında yaradılmış şərait sözün həqiqi mənasında məni heyrətləndirdi. Bu binaya daxil olan kimi insan anındaca böyük, əzəmətli bir sənət məbədində olduğunu hiss edir”, - deyə Babək Nəhreyn söyləyib.
İşgüzar şəraitdə keçən görüşdə qarşılıqlı əməkdaşlıq, mədəniyyət və incəsənət kollektivlərinin mübadiləsi, iki ölkə teatr xadimlərinin seminar, konfrans və festivallarda iştirakı, müştərək festivalların keçirilməsi və tamaşaların hazırlanması, tamaşaların lentlərinin, tarixi sənədlərin, elmi nəşrlərin, kitab və məlumatların mübadiləsi, səhnə əsərlərinin tərcümə və çap edilməsi və digər məsələlər müzakirə olunub.