ELM VƏ TƏHSİL
Təbriz və Xəzər universitetləri arasında əməkdaşlığa dair memorandum imzalanıb
Bakı, 16 sentyabr, AZƏRTAC
Təbriz və Xəzər universitetləri arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Xəzər Universitetindən AZƏRTAC-a bildirilib ki, görüşdə Təbriz Universitetinin rektoru, professor Məhəmməd-Reza Pour-Məhəmmədi rəhbərlik etdiyi ali təhsil müəssisəsi barədə məlumat verib. O, mühəndislik, hüquq, kənd təsərrüfatı və digər sahələrdə çoxlu sayda proqramlar təklif edən, İranın ikinci ən böyük universiteti olan Təbriz Universitetində 20 min tələbənin təhsil aldığını diqqətə çatdırıb.
Xəzər Universitetinin təsisçisi, direktorlar və qəyyumlar şurasının sədri, professor Hamlet İsaxanlı bu ali məktəbin beynəlmiləlləşdirmə siyasətindən və Təbriz Universiteti ilə əməkdaşlıq maraqlarından bəhs edib.
Görüşdə universitetlər arasında əməkdaşlığın prinsipləri, tələbə və işçi mübadiləsi, təhsil proqramları, tədqiqat və nəşr işləri və digər müştərək layihələrin müzakirəsi aparılıb.
Sonda universitetlər arasında anlaşma memorandumu imzalanıb.