SİYASƏT


Təbrizdə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Bakı, 18 yanvar, AZƏRTAC

Azərbaycanın Təbrizdəki Baş konsulluğunun təşkilatçılığı ilə 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunmuş fotosərgi keçirilib.

AZƏRTAC xəbər verir ki, sərgidə İranın dövlət rəsmiləri, Türkiyənin Təbrizdəki baş konsulu, Təbrizdə yaşayan Azərbaycan vətəndaşları və mətbuat nümayəndələri iştirak ediblər.

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Baş konsul Əliyənnağı Hüseynov çıxış edərək 20 Yanvar faciəsinin səbəb və nəticələrindən danışıb.

Qeyd olunub ki, 20 Yanvar tarixi həm misli görülməmiş qanlı faciə, həm də istiqlaliyyətə aparan dönməz mübarizə və qəhrəmanlıq dastanı kimi Azərbaycan tarixinə həkk olunub. Yanvar faciəsinə gedən yol azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasının, Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı 1987-ci ildən başlanıb. Artan xətt üzrə davam edən gərginliyin səbəblərini ortadan qaldırmaq əvəzinə, sovet rəhbərliyi Azərbaycan xalqına qarşı dəhşətli cinayət törətməyi seçdi. Ümumxalq hərəkatının qarşısını almaq və xalqımızın müstəqillik əzmini qırmaq məqsədi güdən SSRİ Ali Sovetinin Rəyasət Heyəti 1990-cı il yanvarın 19-da Azərbaycan SSR Ali Sovetinin razılığı olmadan yanvarın 20-də saat 00:00-dan etibarən “Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında” fərman verdi. Xalqı qəfildən yaxalamaq, ona divan tutmaq üçün qoşunlardan istifadə ediləcəyi, aman verilməyəcəyi, ən başlıcası fövqəladə vəziyyətin elan olunacağı vaxt gizli saxlanıldı. Azərbaycan televiziyasının enerji bloku partladıldı. Bakıya daxil olan qoşun yaşayış evlərini, təcili yardım maşınlarını, nəqliyyat vasitələrini atəşə tutdu, küçədən təsadüfən keçənləri tankların tırtılları altına saldılar. Keçmiş sovet hərb maşınının Azərbaycanda törətdiyi bu qanlı qırğın mahiyyətinə görə dövlətin öz vətəndaşlarına qarşı tarixdə misli görünməmiş təcavüz aktı və qətliam idi.

Bildirilib ki, belə bir ağır şəraitdə xalqımızın böyük oğlu, Ulu Öndər Heydər Əliyev etiraz səsini ucaltdı. Sovet imperiyasının bütün təzyiqlərinə baxmayaraq Ümummilli Lider Heydər Əliyev yanvarın 21-də öz ailə üzvləri ilə birlikdə Azərbaycan SSR-in Moskvadakı Daimi Nümayəndəliyinə gələrək mətbuat nümayəndələri qarşısında çıxış etdi və SSRİ rəhbərliyini tənqid atəşinə tutdu. Ulu Öndər Heydər Əliyev qorxmadan, özü və ailəsi üçün yaranmış real təhlükəyə baxmayaraq Mixail Qorbaçov başda olmaqla, SSRİ rəhbərliyinin əsl simasını göstərdi.

Sovet ordusunun törətdiyi 20 Yanvar faciəsi xalqın iradəsini qıra bilmədi və azadlıq mübarizəsi 1991-ci ildə Azərbaycan Respublikasının öz müstəqilliyini bərpa etməsi ilə nəticələndi. Buna görə də, həmin gün baş verənlər faciə olmaqla yanaşı, həm də xalqımızın iradəsinin sarsılmazlığını, mətinliyini göstərən tarixi hadisədir.

20 Yanvar faciəsinə Azərbaycanda ilk dəfə dövlət səviyyəsində hüquqi-siyasi qiymət 1994-cü il martın 29-da Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə verildi və 20 Yanvar Ümumxalq Hüzn Günü elan edildi.

Hər il yanvar ayının 20-də Prezident İlham Əliyev başda olmaqla, bütün dövlət və ictimaiyyət nümayəndələri Şəhidlər xiyabanını ziyarət edir və şəhidlərə öz ehtiramlarını bildirirlər.

Çıxışlardan sonra mərasim iştirakçıları 20 Yanvar faciəsinə həsr olunan videoçarxa baxıb və fotosərgi ilə tanış olublar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.