SİYASƏT
Təbrizdə Anım Günü ilə əlaqədar fotosərgi təşkil olunub
Təbriz, 28 sentyabr, AZƏRTAC
Sentyabrın 27-də Azərbaycan Respublikasının Təbriz şəhərindəki Baş konsulluğunda Anım Günü ilə əlaqədar fotosərgi keçirilib.
AZƏRTAC xəbər verir ki, sərgidə İranın Şərqi Azərbaycan vilayəti valiliyinin siyasi məsələlər idarəsinin rəisi, mədəniyyət və islami irşad baş İdarəsinin şöbə müdiri, İranın Xarici İşlər Nazirliyinin Şimal-Qərb nümayəndəliyinin rəhbəri, Türkiyənin Təbrizdəki baş konsulu və Baş konsulluğun əməkdaşları, İranda fəaliyyət göstərən azərbaycanlı iş adamları, Təbrizdə yaşayan Azərbaycan vətəndaşları və onların ailə üzvləri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Baş konsul Əliyənnağı Hüseynov çıxış edərək Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi hərbi təcavüzü və törətdiyi müharibə cinayətləri haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 44 günlük Vətən müharibəsində möhtəşəm hərbi-siyasi qələbə qazanıb. Ordumuzun sürətli irəliləyişi qarşısında aciz qalan və məğlubiyyətlə üzləşən Ermənistanın Azərbaycanın mülki vətəndaşlarını və obyektlərini hədəf seçməkdən çəkinmədi. Beynəlxalq humanitar hüququn müddəalarına məhəl qoymadan təmas xəttindən uzaqda yerləşən şəhər və kəndlərini raket və artilleriya atəşinə tutdu. Ermənistan işğal olunmuş ərazilərdə dini-tarixi abidələri dağıdaraq məscidlər təhqir edib.
Diplomat qeyd edib ki, əldə olunan şanlı Qələbə ilə Ermənistanın 30 ilə yaxın davam edən işğal siyasətinə son qoyuldu və BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrin icrası Azərbaycan tərəfindən təmin olundu. Bununla da ölkəmizin ərazi bütövlüyü bərpa edildi və qaçqın həyatı yaşayan bir milyona yaxın azərbaycanlının öz doğma yurdlarına qayıdışının önü açıldı.
Baş konsul azad edilən ərazilərdə həyata keçirilən quruculuq işlərindən danışaraq, Azərbaycanın yaratdığı yeni reallığın bütün region üçün faydalı olacağına əminliyini ifadə etdi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı Qələbə bölgədə siyasi reallıqları dəyişdi.
Türkiyənin Təbrizdəki baş konsulu Tufan Höbek ATƏT-in Minsk qrupunun fəaliyyətini yaxından izlədiyini, Azərbaycana qarşı münasibətdə tətbiq olunan ikili standartlardan kifayət qədər məlumatlı olduğunu bildirdi. Türkiyəli diplomat Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsini tarixi ədalətin bərpası kimi qiymətləndirdi və Qələbə münasibətilə Azərbaycan xalqını təbrik etdi.
Çıxışların ardından Vətən müharibəsinə həsr olunmuş videoçarx nümayiş etdirildi.
Sonra tədbir iştirakçıları konsulluğun təşkil etdiyi fotosərgi ilə tanış oldular. İştirakçılara 44 günlük Vətən müharibəsinə aparan şanlı Zəfər yolundan bəhs edən broşür paylanıb.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Təbriz