SİYASƏT


Təbrizdə Anım Günü ilə əlaqədar fotosərgi təşkil olunub

Tehran, 27 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Təbriz şəhərindəki Baş konsulluğunda 27 Sentyabr – Anım Günü ilə əlaqədar fotosərgi təşkil olunub.

AZƏRTAC xəbər verir ki, sərginın açılışında Türkiyənin Təbrizdəki Baş konsulu Çetin Taner və Baş konsulluğun əməkdaşları, Təbrizdə yaşayan Azərbaycan vətəndaşları və onların ailə üzvləri iştirak ediblər. Tədbirdə Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Baş konsul Əliyənnağı Hüseynov tədbirdə çıxış edərək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordumuzun 44 günlük Vətən müharibəsində əldə etdiyi Qələbədən danışıb. Bildirilib ki, Vətən müharibəsində Qarabağ şəhidlərin canı bahasına azad edilib. Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il 27 sentyabr tarixinin Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınıb.

Vurğulanıb ki, Prezident İlham Əliyev Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinə daim yüksək ehtiram göstərir, onların xatirəsinin əbədiləşdirilməsini, eləcə də qazilərimizin müalicəsini və sağlamlıqlarının bərpasını diqqət mərkəzində saxlayır.

Diqqətə çatdırılıb ki, sentyabrın 27-si Vətən müharibəsində canlarını fəda etmiş şəhidlərimizin Anım Günü olması ilə bərabər, həm də Zəfərə aparan yolun başlanğıcıdır. Hər şey o gün tarixi qərarın verilməsi ilə başladı. Qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatına başlaması barədə verilmiş qərar tarixi Qələbəmizi şərtləndirdi. Bu Qələbə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü siyasətin, Azərbaycan Ordusunun Vətənə məhəbbəti və xalqımızın “Dəmir yumruq” kimi Ali Baş Komandanın ətrafında birləsməsinin nəticəsi idi. Dövlət başçısının müvafiq sərəncamlarına əsasən azad edilmiş ərazilərimizdə geniş quruculuq işləri vüsət alıb.

“Azərbaycan beynəlxalq hüququn prinsipləri, xüsusilə də suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığına ciddi riayət olunması əsasında Ermənistan ilə münasibətlərin normallaşdırılmasına hazırdır. Biz Ermənistanı bölgədə sülh, təhlükəsizlik və rifahın təmin olunması naminə bu fundamental prinsiplərə hörmət etməyə, beynəlxalq öhdəliklərinə əməl etməyə çağırırıq. Bununla yanaşı, əgər düşmən bizə qarşı təxribat törədəcəksə, layiqli cavab veriləcəkdir”, - deyə Ə.Hüseynov əlavə edib.

Baş konsul bildirib ki, biz şəhidlərimizlə, Ordumuzla fəxr edirik və bu gün azad edilmiş ərazilərdə dalğalanan üçrəngli Bayrağımız bizim Zəfərimizin rəmzidir.

Çıxışlardan sonra Vətən müharibəsinə həsr olunan videoçarx nümayiş etdirilib, iştirakçılar sərgi ilə tanış oldular.

Tədbirdə 44 günlük Vətən müharibəsinə aparan şanlı Zəfər yolundan bəhs edən broşür paylanılıb.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.