SİYASƏT


Təcavüzkar Ermənistan Azərbaycana son 30 ildə vurduğu maddi və mənəvi ziyana görə reparasiya ödəməlidir

Bakı, 24 oktyabr, AZƏRTAC

Təcavüzkar Ermənistan Azərbaycana son 30 ildə vurduğu maddi və mənəvi ziyana görə reparasiya ödəməlidir.

Bu fikri AZƏRTAC-a açıqlamasında Əməkdar jurnalist Rəşad Nəsirov söyləyib. O bildirib ki, reparasiya bir ölkənin digər ölkəyə vurduğu ziyana görə maddi məsuliyyət formasıdır.

Qeyd edək ki, Ermənistanın təcavüzü nəticəsində Dağlıq Qarabağ və ona bitişik rayonlarda 13 dünya əhəmiyyətli, 292 ölkə əhəmiyyətli və 330 yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi, 40 mindən çox eksponatın toplandığı 22 muzey, 927 kitabxana, 808 klub, 4 teatr və 2 konsert salonu, 31 məscid, 9 tarixi saray, 8 mədəniyyət və istirahət parkı, 4 rəsm qalereyası, 85 musiqi məktəbi dağıdılıb. Ağdam Çörək muzeyi yerlə-yeksan edilib, dünya şöhrətli Kəlbəcər tarix-diyarşünaslıq muzeyinin 13 minədək, Laçın tarix-diyarşünaslıq muzeyinin 5 mindən çox qiymətli və nadir eksponatı Ermənistana daşınıb. Şuşanın işğalı nəticəsində 8 muzey, 31 kitabxana, 17 klub, 8 mədəniyyət evi viran edilib. Şuşa şəhərinin tarixi muzeyinin 5 minədək eksponatı, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyinin Şuşa filialının, Dövlət Qarabağ Tarixi muzeyinin 1000-dək eksponatı, dahi bəstəkar Üzeyir Hacıbəylinin, böyük müğənni BüIbülün, görkəmli musiqiçi və rəssam Mir Mövsüm Nəvvabın xatirə muzeylərinin, Ağdam, Qubadlı və Zəngilan tarix-diyarşünaslıq muzeylərinin fondları qarət edilib. Görkəmli Azərbaycan musiqiçisi Qurban Pirimovun Ağdam rayonundakı xatirə muzeyi, Cəbrayıl, Füzuli və Xocalı rayonlarının tarix-diyarşünaslıq muzeyləri də dağıdılıb. Ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında qeyri-qanuni arxeoloji qazıntılar aparıb, məzarlar, qəbirüstü abidələr dağıdılıb.

Otuz ilə yaxındır ki, işğal altında qalan ərazilərdə ekoloji cinayətlər törədilib. Bölgədəki biomüxtəliflik məhv edilib, meşələr qırılıb, faydalı qazıntı yataqları talan edilib, su anbarları və ətraf mühit qəsdən çirkləndirilib. Ən əsası isə təcavüz nəticəsində on minlərlə Azərbaycan vətəndaşı həlak olub və yaralanıb, bir milyondan çox insan isə doğma yurdundan didərgin düşüb. Törətdiyi bu bəşəri cinayətlərə görə Ermənistanın keçmiş və indiki rəhbərliyi məsuliyyət daşıyır. Azərbaycana vurulan maddi-mənəvi ziyanın ödənilməsi beynəlxalq hüquq və beynəlxalq təşkilatlar səviyyəsində gündəmə gətirilməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.