ELM VƏ TƏHSİL


“Təcrübə-Sənaye Zavodu” “Teknofest Azərbaycan” festivalına rəqabətə dözümlü məhsullar təqdim edəcək

Bakı, 4 may, AZƏRTAC

AMEA Yüksək Texnologiyalar Parkının rezidenti olan “Təcrübə-Sənaye Zavodu” MMC “Teknofest Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya festivalı çərçivəsində təşkil olunacaq sərgidə 20-dən çox çeşiddə texnoloji məhsulunu təqdim edəcək.

Bu barədə AZƏRTAC-a “Təcrübə-Sənaye Zavodu” MMC-nin icraçı direktoru kimya üzrə fəlsəfə doktoru Səxavət Rüstəmov məlumat verib. O, MMC-nin bu kimi irimiqyaslı sərgilərdə mütəmadi olaraq ölkəmizi layiqincə təmsil etdiyini deyib. Bildirib ki, zavod hazırda 80-dən çox çeşiddə məhsulun istehsalını həyata keçirir.

“Teknofest Azərbaycan”da təqdim olunacaq məhsullarımız əsasən bitki əsaslı sürtkülər və sürtkü materialları, mineral, sənaye, mühərrik, hidravlik və transmissiya yağlarıdır”, - deyə qeyd edən S.Rüstəmov sərgidə ilk dəfə hərbi təyinatlı yağların nümayiş olunacağını bildirib. İcraçı direktor bu məhsulların hər birinin rəqabətqabiliyyətli olduğunu, bir çox keyfiyyətlərinə görə analoqlarından fərqləndiyini diqqətə çatdırıb.

Onun sözlərinə görə, məhsulların hazırlanmasında AMEA-nın Aşqarlar Kimyası, Neft-Kimya Prosesləri institutlarının mütəxəssisləri yaxından iştirak edib və bu məhsullar həmin institutlarla birgə həyata keçirilən layihələr çərçivəsində istehsal edilib. S.Rüstəmov bildirib ki, qeyd olunan texnoloji məhsullara həmin institutların mütəxəssisləri tərəfindən patentlər alınıb.

İcraçı direktor bu kimi yüksək səviyyədə icra olunan sərgilərin AMEA-da istehsal edilən ən son texnoloji yeniliklərin geniş auditoriyaya çatdırılmasına, akademiyanın elmi və istehsalat potensialının nümayişinə imkan verdiyini vurğulayıb. O, müəssisənin istehsal etdiyi məhsulların “Teknofest Azərbaycan” sərgisi iştirakçılarının böyük marağına səbəb olacağına inamını ifadə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.