ELM VƏ TƏHSİL
Təcrübə kursunu başa vuran tələbələrə sertifikatlar verilib
Bakı, 12 noyabr, AZƏRTAC
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda “İnsanın genetik identifikasiyası və pasportlaşdırma problemləri” mövzusunda təcrübə kursunu başa vuran tələbələrə sertifikatlar təqdim edilib.
Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Qeyd olunub ki, təcrübə kursu üç gün davam edib. Gənclər “Şəxsiyyətin identifikasiyası: yaranma tarixi, əhəmiyyəti və tətbiqi aspektləri”, “İnsan təkamülünün tədqiqində antik DNT-nin rolu”, “Androgenə həssassızlıq sindromu olan uşaqların diaqnostikası və müalicəsi”, “Mitoxondri DNT-nin quruluşu, funksiyası və mutasiyaları, şəxsiyyətin identifikasiyasında, məhkəmə-tibbi ekspertizada və irsi xəstəliklərin diaqnostikasında tətbiqi” və “İnsanlarda mitoxondri DNT-nin ata xətti üzrə nəslə ötürülməsi” mövzularında mühazirələr dinləyib və praktiki məşğələlərdə iştirak ediblər.
İnstitutun baş direktoru akademik İradə Hüseynova tələbələrə sertifikatları təqdim edərək onların elmə cəlb olunmasında, elm-təhsil əlaqələrinin genişlənməsində belə kursların əhəmiyyətini vurğulayıb.