CƏMİYYƏT


Təcrübə və Təqaüd Proqramları layihəsi gənclərə dəstək olacaq və kadr potensialını artıracaq

Bakı, 23 oktyabr, AZƏRTAC

Tələbə gənclərlə bağlı Təcrübə və Təqaüd Proqramları adı altında maraqlı layihə təqdim edilib.

AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində tələbələr, magistrantlar və təhsilini başa vurmuş və işsiz olan gənclər müxtəlif təcrübə proqramlarına cəlb olunacaqlar. Layihənin həyata keçirilməsində məqsəd tələbə gənclərə dəstək olmaq, kadr potensialını zənginləşdirməkdən ibarətdir.

Layihənin ideya müəllifi və təsisçisi Şahin Sərdarlı vurğulayıb ki, gənclərimiz Vətən müharibəsində Azərbaycanın suverenliyi üçün canlarından keçməyə hazır olduqlarını nümayiş etdirdilər və 3000-ə yaxın igidimiz öz canlarını gələcəyimiz yolunda fəda etdi. Bu gün yetişməkdə olan gənclər də son dərəcə vətənpərvər və dövlətini sevən nəslin davamçılarıdır.

Azərbaycan Dillər Universitetinin Tələbə Həmkarlar İttifaqının sədri işlədiyi dövrdə tələbə gənclərin problemlərinə yaxından bələd olduğunu deyən Ş.Sərdarlı qeyd edib ki, layihə çərçivəsində müxtəlif şirkətlərlə imzalanacaq müqavilələrə əsasən tələbələr, magistrantlar, eləcə də təhsilini başa vurmuş gənclər üçün 1 (bir) və ya 2 (iki) aylıq təcrübə proqramları həyata keçiriləcək. Fəaliyyət sahələrinə televiziya və radio, mətbuat, təhsil müəssisələri, özəl şirkətlər, hüquq, mühasibatlıq daxildir. Gənclər qeydiyyatdan keçdikdən sonra şirkətlərin təqdim etdiyi sahələr üzrə qruplar açılacaq və həmin şəxslər həftənin 5 (beş) günü, tələbələrin təhsilinə mane olmamaq üçün iki növbəli (günün birinci və ya ikinci yarısı) şəkildə 4 (dörd) saat müddətində təcrübə proqramı ilə təmin ediləcəklər. Təcrübə proqramı başa çatdıqdan sonra gənclər təcrübə keçdiyi şirkətin sertifikatı ilə təmin olunucaqlar. Eyni zamanda, ən yaxşı təcrübəçilərə şirkətin rəhbərliyi tərəfindən motivasiya məktubu təqdim ediləcəkdir. Bu da onlara təcrübə keçdikləri şirkətlərdə iş təklifi də ala bilmək imkanı verəcək.

Layihənin digər təsisçisi ADU-nun 3-cü kurs tələbəsi Nurlan Rüstəmovun sözlərinə görə, ali təhsilini başa vuran gənclər iş üçün müraciət etdikləri şirkət və qurumlarda iş təcrübələri olmadıqları üçün imtina cavabı alırlar. Çünki şirkətlər təkcə ali təhsil dönəmində tələbənin keçdiyi təcrübə müddətini əsas götürmürlər. O, layihənin çalışmaq istəyən tələbə gənclərə fayda verəcəyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.