ELM VƏ TƏHSİL
Tədqiqatçılar və doktorantlar üçün yeni elmi mənbə
Bakı, 15 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun müasir Azərbaycan dili şöbəsinin aparıcı elmi işçisi, dosent Nərgiz Hacıyevanın “Azərbaycan dilində fonetik vahidlərin üslubi xüsusiyyətləri” kitabı nəşr olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, “Elm və təhsil” nəşriyyatında çap olunan kitaba filologiya elmləri doktoru, professor İsmayıl Kazımov redaktorluq edib. Kitab giriş, dörd fəsil və istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir.
Yeni nəşrdə fonetik üslubiyyatın dilçiliyin digər sahələri ilə əlaqəsi, tədqiq tarixi, fonetik-üslubi kateqoriyalar haqqında məlumat verilir, həmçinin Azərbaycan dilində alliterasiya, intonasiya və tələffüzün xüsusiyyətləri araşdırılır.
Kitab tədqiqatçılar və doktorantlar üçün faydalı mənbədir.