CƏMİYYƏT
Tədris Cərrahiyyə Klinikasında 140 nəfər pulsuz tibbi müayinədən keçib
Bakı, 27 may, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında iki gün ərzində endokrinoloji şikayəti olan pasiyentlərin pulsuz konsultasiya və ultrasəs (USM) müayinəsi keçirilib.
ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, aksiyada 140 nəfər pulsuz USM və laborator müayinələrdən keçib. Müraciət edənlərin 10 nəfərində qalxanabənzər vəzin heç bir patologiyası aşkarlanmayıb. Təqribən 50 nəfərdə kiçik kolloidal düyün, 30 nəfərdə qalxanabənzər vəzin xroniki iltihabı prosesi, 8 nəfərdə ressidiv zob, o cümlədən xəstələrin çoxunda böyük həcmli düyün müəyyən edilib.
ATU-nun I cərrahi xəstəliklər kafedrasının tibb üzrə fəlsəfə doktoru Azər Hümmətovun sözlərinə görə, aparılan müayinələr nəticəsində ən çox qalxanabənzər vəzin düyünlü urları və Haşimote tiroidinə rast gəlinib. Bundan başqa, USM müayinəsi zamanı bəzi insanlarda kolloidal düyünlər (yəni kistoz düyünlər) bəlli olub.
Aksiya iştirakçıları ATU rəhbərliyinə belə kampaniyanın təşkilinə görə təşəkkürlərini bildiriblər. Onlar klinikada göstərilən xidmətin səviyyəsindən, həkimlərin yanaşma metodlarından razılıq ediblər.