ELM VƏ TƏHSİL


Tədris-İnnovasiya Mərkəzinin 2019-cu il üçün fəaliyyət planı müzakirə edilib

Bakı, 5 fevral, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda Tədris-İnnovasiya Mərkəzinin (TİM) 2019-cu il üçün fəaliyyət planı müzakirə olunub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, cari ildə Tədris-İnnovasiya Mərkəzində (TİM) informasiya mədəniyyətinin formalaşması problemləri üzrə fərdin informasiya mədəniyyətinin zamandan asılı olaraq qiymətləndirilməsi və fərdin informasiya mədəniyyətinin inteqral göstəricilərinin hesablanması istiqamətləri üzrə tədqiqatlar aparılması nəzərdə tutulur. Bu barədə TİM-in rəhbəri Rəsmiyyə Mahmudova məlumat verib. O, cari ildə yerinə yetiriləcək elmi-tədqiqat işlərindən danışarkən deyib ki, bu il, həmçinin jest informatikasının istiqamətləri, hədəfləri və texnologiyaları, intellektual oyun texnologiyalarının informatika fənninin tədrisinə inteqrasiyasının analizi ilə bağlı tədqiqatlar aparılacaq.

Əlin xarici əlamətlərinin təhlili əsasında jestlərin tanınması metodlarının analizi, əlin üçölçülü modelinin təhlilinə əsasən jestlərin tanınması metodlarının analizi, insanın müxtəlif emosional vəziyyətlərində onun üzündəki mimikanın analizi və sintezi məsələlərinin araşdırılması, eləcə də İKT əsasında qeyri-verbal texnologiyalar və cəmiyyətin inklüziv inkişafı ilə bağlı araşdırmalar aparılması nəzərdə tutulub.

Xarici ölkələrdə informatika fənninin tədrisi təcrübəsi, Azərbaycanda informatika fənni üzrə kurikulum və onun tətbiqi məsələləri araşdırılacaq, intellektual oyunların informatika fənninin tədrisinə inteqrasiyası üçün metodika və krossvordların informatika fənninin tədrisinə tətbiqi zamanı biliklərin mənimsənilməsinin qiymətləndirilməsi üçün meyarlar işləniləcək.

TİM-in rəhbəri mərkəzdə elmi-innovasiya fəaliyyəti çərçivəsində görüləcək işləri də diqqətə çatdırıb. O, doktorant və dissertantlara informatika fənninin tədrisi və imtahanların qəbulu, distant tədris və imtahanların keçirilməsi, AMEA-nın magistratura pilləsində təhsil alan magistrlər üçün dərs və imtahanların təşkili ilə bağlı görüləcək işlər haqqında məlumat verib. Qeyd edib ki, hər il olduğu kimi, 2019-cu ildə də ali məktəb tələbələri arasında İnformatika üzrə Ümumrespublika Olimpiadasının keçirilməsi ilə əlaqədar tədbirlər görüləcək, müəssisə və təşkilatların əməkdaşları və sıravi vətəndaşlar üçün İT-kursların təşkili və sertifikatlaşdırma ilə bağlı işlər davam etdiriləcək.

Diqqətə çatdırılıb ki, il ərzində “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı” çərçivəsində bir sıra tədbirlər həyata keçiriləcək. Həmçinin mərkəzin elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, elmi-texniki konfranslarda iştirakı, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunmuş beynəlxalq və respublika səviyyəli jurnallarda elmi məqalələrin nəşri, müxtəlif təyinatlı elektron nəşrlərin hazırlanması, əldə olunmuş nəticələrin KİV-də təbliği və s. ilə bağlı işlər görüləcək.

İnstitutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin plan layihəsi ilə bağlı təklif və tövsiyələrini bildirib, mərkəzin elmi və elmi-innovasiya fəaliyyətinin daha da gücləndirilməsinə dair tapşırıqlar verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.