CƏMİYYƏT
Tədris Terapevtik Klinikasının kardiologiya şöbəsində yeni müayinə cihazı quraşdırılıb
Bakı, 11 yanvar, AZƏRTAC
Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris-Terapevtik Klinikasının kardiologiya şöbəsi modernləşmə işlərinin müvəffəqiyyətlə başa çatdırılmasından sonra fəaliyyətini tam şəkildə bərpa edib.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, klinikanın 10-cu mərtəbəsində yerləşən bu şöbənin bir hissəsi müayinələr, digər hissəsi isə stasionar müalicə məqsədilə qəbul olunmuş xəstələr üçün nəzərdə tutulub. Angioqrafiya, stend və başqa müəyyən invaziv müayinələrə aid cihazlar isə klinikanın birinci mərtəbəsində quraşdırılıb. Kardiologiya ilə bağlı hər bir lazımi və müasir avadanlıqlara burada rast gəlmək mümkündür. Şöbədə xüsusi qeydiyyat otağı və 9 palata fəaliyyət göstərir.
Şöbə ilə tanış olan rektor Gəray Gəraybəyli bildirib ki, ATU-da təhsil alan tələbələr, rezidentlər bu yeniliklərdən bəhrələnməli, lazımi biliklər əldə etməlidirlər. O, yeni mərkəzin tədrisdə çox vacib bir yenilik olduğunu qeyd edib: “Burada aparılan işləri tələbələr praktiki şəkildə görməlidirlər ki, əldə etdikləri bilik və vərdişlər onların dərslərinə bilavasitə kömək olsun. Dərs otağında belə bir şəraitin yaradılması olduqca vacibdir.
Mərkəzdə Azərbaycanda ilk dəfə transtelifonik EKQ holter müayinəsi cihazı da quraşdırılıb. Bu aparat ürəkdə baş verən gündəlik dəyişikliklərin izlənilməsi üçün ən son avadanlıqdır.