ELM VƏ TƏHSİL
“Tədrisdən təcrübəyə” layihəsi çərçivəsində gənc jurnalistlərlə görüş keçirilib
Bakı, 12 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Elməddin Behbud Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və BDU-nun jurnalistika fakültəsinin birgə təşkilatçılığı ilə yaradılan “Gənc jurnalistlər” klubunda “Tədrisdən təcrübəyə” layihəsi çərçivəsində tələbələrlə görüşüb.
Bilik Fondundan AZƏRTAC-a bildirilib ki, görüşdə Elməddin Behbud Azərbaycan Xalq Cümhuriyyətinin qurulması və 70 ildən sonra müstəqilliyin bərpası zamanı mətbuatın maarifləndirici missiya daşıyaraq proseslərin müsbət sonluqla nəticələnməsinə böyük töhfələr verdiyindən söz açıb. Bildirib ki, XIX əsrin son onilliklərində təşəkkül tapan maarifçilik hərəkatı məhz mütəfəkkir düşüncəli yazarların qəzetlərdə cahilliyə, əsarətə qarşı yazıları ilə geniş kütlələrə təsir edə bilib. Bu davamlı maarifçilik hərəkatı, qələm mübarizəsi, nəhayət, 1918-ci ildə müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə nəticələnib. Mətbuat, həmçinin dövlətçiliyin inkişafı naminə bütün sahələrdə başlanan islahatların təbliğatçısına çevrilib. SSRİ dağılandan sonra Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsində xalqın genetik yaddaşı mühüm rol oynayıb. Tarixi gerçəkliyin unudulmamasında, insanlarda müstəqil dövlətə sahiblənmək arzusunun yaranmasında jurnalistlərin əməyi danılmazdır.
E.Behbud müasir mətbuatın üzərində senzuranın olmadığını, KİV-in tam müstəqil fəaliyyət göstərdiyini diqqətə çatdıraraq, ulu öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərman barədə də danışıb. Vurğulayıb ki, hazırda müstəqil Azərbaycanda mətbuatın inkişafı ilə bağlı mühüm işlər həyata keçirilir. Prezident İlham Əliyevin “Jurnalistlər mənim köməkçilərimdir” fikri dövlətimizin başçısının KİV-ə yönələn diqqət və qayğısına daha bir nümunədir.
QHT Şurasının fəaliyyətindən söz açan E.Behbud təmsil etdiyi qurumun ölkədə ilk milli donor olduğuna diqqət çəkərək, onun fəaliyyət istiqamətləri barədə geniş məlumat verib. Şuranın donorluq missiyası ilə yanaşı, bütövlükdə dövlətin QHT sektorunda siyasətini həyata keçirən qurum olduğunu deyib. Bildirib ki, QHT Şurasının yaradılmasında məqsəd cəmiyyətimizdə yeni ictimai münasibətlər modelinin formalaşdırılması, QHT-lərin müasir dövrün çağırışlarına uyğun şəkildə fəaliyyətini qurmasına çalışmaqdır. Həmçinin vətəndaş təşəbbüslərinin artırılması, milli maraqların qorunması sahəsində QHT-lərin fəaliyyətinin təşviq edilməsi, onların ictimai əhəmiyyətli problemlərin həllinə cəlb olunması, dövlət və cəmiyyətin inkişafı üçün mühüm proqram və layihələrin maliyyələşdirilməsi də bu məqsədin tərkib hissəsidir.
Şuranın 10 illik fəaliyyətinin həm daxildə, həm də xaricdə dolğun tanıdılmasına görə jurnalistlərə minnətdar olduqlarını deyən E.Behbud gənc həmkarlarını peşəkar tələblərə əməl etməyə, dövlət maraqları və xalqın milli-mənəvi dəyərlərini qorumağa, fəaliyyətlərini bu prinsiplər əsasında qurmağa çağırıb. Tədbirdə klub üzvləri fikirlərini bildirib, qonağa suallar ünvanlayıblar. Görüş dialoq şəklində davam etdirilib.