SİYASƏT
Tedros Gebreyesus: Multikulturalizm qlobal çağırışlarla mübarizə aparılması üçün vacib məqamdır
Bakı, 4 noyabr, AZƏRTAC
Multikulturalizm qlobal çağırışlarla mübarizə aparılması üçün vacib məqamdır. Lakin çoxtərəfli səylərimizə və bərabərliyi təmin etmək üçün işlərimizə baxmayaraq, yenə də bəzi məsələlər bizdən daha çox həmrəylik tələb edir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Gebreyesus VIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında ifadə edib.
“Biz dəyişikliklərə nail olmalıyıq. Hazırda baş verən böhran hər yerdə hiss olunur. Dünya ölkələrinin demək olar üçdəikisi öz əhalisinin kifayət qədər çoxunu peyvəndləyib. Lakin digər ölkələrdə bu göstərici aşağı səviyyədədir. ÜST-nin məqsədi hər bir ölkənin əhalisinin azı 40 faizinin bu ilin sonunadək peyvəndlənməsidir. Növbəti ildə bu rəqəmin daha da artırılması əsas məqsəddir”, - deyə ÜST-nin Baş katibi vurğulayıb.
Bakıya səfər etdiyini və Prezident İlham Əliyevlə universal səhiyyə paketi məsələsini müzakirə etdiklərini deyən Tedros Adanom Gebreyesus bildirib ki, biz növbəti addımlar atmağa hazırlaşmalıyıq.