DÜNYA
Təhlükəsizlik və sadələşdirilmiş viza rejimi BƏƏ-yə turist cəlb olunmasının mühüm amilləridir
Əbu-Dabi, 25 iyun, AZƏRTAC
“Hilton” otellər şəbəkəsi ilə “YouGov” şirkətinin birgə araşdırmasının nəticələrinə görə, Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) gələn turistlərin 35 faizi tənbəl istirahətə - çimərliklərdə günəş vannası qəbul etməyə və spa-mərkəzlərdə vaxt keçirməyə üstünlük verirlər.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, mindən çox respondent bir turist kimi vərdişlərindən, o cümlədən səfərinin səbəblərindən, onun neçəyə başa gəlməsindən və nə üçün məhz bu istiqaməti seçməsindən danışıb. Rəyi soruşulanların 16 faizi səyahətlər zamanı ailənin bir yerə toplanmasını, toy, yaxud konsert kimi mühüm hadisələri qeyd edir, 13 faizi idmana – xizəklə sürüşməyə və dağlara yürüşə üstünlük verir, 12 faizi şəhərdə qalıb mağazalarda alış-veriş edir və görməli yerlərlə tanış olur.
Araşdırma zamanı məlum olub ki, rəyi soruşulanların 38 faizini BƏƏ-ni seçməyə “Instagram”, “Facebook”, “Twitter” и “Snapchat” sosial şəbəkələrində yerləşdirilən reklam ruhlandırıb, 17 faizi dostlarının və ailə üzvlərinin tövsiyələrinə əməl edib, 10 faizi Əmirliklər haqqında sənədli filmlərə baxandan sonra bu qənaətə gəlib.
Səfərin qiyməti, təhlükəsizliyin yüksək səviyyədə olması, viza alma prosedurunun asanlığı, habelə birbaşa reyslərin olması da BƏƏ xeyrinə seçim etməyin əsas amilləri arasındadır.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri-0-
Əbu-Dabi