DÜNYA
Tehran polisi 2 ton narkotik vasitə müsadirə edib
Tehran, 19 may, AZƏRTAC
Tehran polisinin şəhərin müxtəlif məhəllələrində keçirdiyi əməliyyat nəticəsində 2 ton narkotik vasitə müsadirə edib və narkotik qaçaqmalçılığı ilə məşğul olan 83 nəfər həbs olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Tehran Şəhər Polis İdarəsinin rəisi general Hüseyn Rəhimi jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, bir həftədir ki, polisin keçirdiyi əməliyyat davam edir. Əməliyyat zamanı şəhərin 17 məhəlləsində şübhəli bilinən 346 evdə axtarışlar aparılıb və narkotik vasitələrin satışı ilə məşğul olan 1600 nəfər həbs edilib. Narkotik alverçilərinə məxsus 84 nəqliyyat vasitəsi də müsadirə edilib. Axtarışların nəticəsi olaraq narkomanların cəmləşdiyi 96 məkan aşkar edilib.
Polis rəisi nəzərə çatdırıb ki, narkotik vasitələrin qaçaqmalçılığı və ticarəti ilə məşğul olanlara qarşı mübarizə tədbirləri davam etdirilir.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran