SİYASƏT


Tehranda Böyük Vətən müharibəsində Qələbənin 74-cü ildönümü qeyd olunub

Tehran, 9 may, AZƏRTAC

Mayın 9-da İranda akkreditə olunan MDB dövlətlərinin səfirlərinin iştirakı ilə 1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 74-cü ildönümü münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Rusiya səfirliyinin yay iqamətgahının ərazisində Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidə önünə əklil qoyublar.

Tədbirdə səfirlər təmsil etdikləri dövlətlərin faşizm üzərində Qələbəyə verdikləri töhfədən danışıblar.

Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov bildirib ki, İkinci Dünya müharibəsi illərində Azərbaycan xalqı həm ön cəbhədə, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və igidlik göstərib.

Qeyd olunub ki, ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə daim Böyük Vətən müharibəsi veteranlarına diqqət və qayğı ilə yanaşıb, onların sosial vəziyyətinin yaxşılaşdırılması üçün bir sıra sərəncamlar imzalayıb. Hər il 9 May - Qələbə Günü münasibətilə Prezident İlham Əliyev iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun abidəsi önündə müharibə veteranları ilə görüşür.

Azərbaycanda veteranlara böyük hörmətlə yanaşıldığını bildirən səfir diqqətə çatdırıb ki, azərbaycanlılardan ibarət 1942-ci ildə yaradılmış 416-cı Taqanroq diviziyası Qafqaz uğrunda gedən döyüşlərdə xüsusi şücaət göstərib. Sonradan Taqanroq diviziyası Cənub Cəbhəsinin tərkibinə daxil edilərək döyüş yolunu Berlinə qədər davam etdirib.

Diplomat qeyd edib ki, müharibə başladıqdan qısa müddət sonra yüz minlərlə azərbaycanlı cəbhəyə yollanıb. 130-a yaxın həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov və digər Sovet İttifaqı qəhrəmanları və bir çox başqaları öz qəhrəmanlıqları ilə xalqımızın şərəfli tarixinə yeni sətirlər yazıblar.

Azərbaycan xalqı arxa cəbhədə də şücaət göstərərək Qələbənin əldə edilməsində xüsusi rol oynayıb. İkinci Dünya müharibəsi Azərbaycandan uzaqda başlansa da, neftlə zəngin olan Bakını zəbt etmək faşizmin əsas məqsədlərindən idi. Azərbaycanda hasil olunan neft bütün Sovet İttifaqında hasil olunan neftin 71,4 faizini təşkil edirdi. Belə yüksək hasilat SSRİ-nin İkinci Dünya müharibəsindəki Qələbəsini təmin etdi. Qətiyyətlə demək olar ki, Bakı nefti faşizm üzərində Qələbənin qazanılmasında başlıca amillərdən biri idi.

Çıxışlardan sonra tədbir mədəni proqramla davam edib.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.