DÜNYA
Tehranda güclü partlayış baş verib
Tehran, 11 sentyabr, AZƏRTAC
İranın paytaxtı Tehran yaxınlığında güclü partlayış baş verib.
AZƏRTAC xəbər verir ki, hadisə yerinə təcili tibbi yardım avtomobilləri və yanğınsödürənlər gəlib.
Yerli saytlarda partlayışın Müdafiə Nazirliyinə məxsus hərbi bazanın yaxınlığında baş verməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirən qurumun nümayəndəsi Davud Abdini qeyd edib: “Güclü partlayış hərbi bazanın yaxınlığından keçən qaz borusunda və maye qaz çənlərində baş verib. Partlayış nəticəsində hərbi bazaya heç bir zərər dəyməyib”.
D.Abidini onu da vurğulayıb ki, partlayışda ölən və yaralananlar olmayıb.
Lakin bir qədər sonra İran saytlarında partlayış nəticəsində 1 nəfərin öldüyü, 23 nəfərin isə yaralandığı bildirilib. “Mehr” informasiya agentliyi 1 nəfərin öldüyünü, İSNA, İLNA saytları isə başqa rəqəmlər göstəriblər. Yerli KİV-lər güclü partlayışın terror aktı olmasını da istisna etmirlər. Bununla əlaqədar olaraq hadisə yerinə İranın xüsusi xidmət orqanlarının yüksək rütbəli əməkdaşları da gəliblər.
Araşdırma aparılır.
Müdafiə Nazirliyindən başqa digər rəsmi orqanlar hələ ki, məsələyə münasibət bildirməyib.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran