ELM VƏ TƏHSİL


Təhsil İdarəçiliyi Beynəlxalq Konfransı yekunlaşıb

Bakı, 26 aprel, AZƏRTAC

Aprelin 22-dən başlanan Təhsil İdarəçiliyi Beynəlxalq Konfransı dünən öz işinə yekun vurub. Azərbaycan Respublikası Təhsil İnstitutunun dəstəyi, Təhsil İdarəçiləri Assosiasiyası və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə keçirilən konfransda 9 ölkədən tədqiqatçılar, alimlər və təhsil işçiləri iştirak ediblər.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, təhsildə liderlik, keyfiyyətin təminatı, qiymətləndirmənin təşkili, planlaşdırma, təhsilin iqtisadiyyatı, distant təhsilin idarə olunması, inklüziv və xüsusi təhsil idarəçiliyi, peşə təhsili və idarəçilik, təhsilin idarə olunmasının beynəlxalq modelləri mövzularını əhatə edən konfrans Azərbaycan və ingilis dillərində aparılıb.

Təşkilat komitəsinin üzvləri Qoşqar Məhərrəmov və Cəfər Mənsimi bildiriblər ki, təhsil idarəçiliyi mövzusunda ilk dəfə təşkil olunan konfrans Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə qəbul olunmuş “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ini və sənədin “XXI əsrin tələblərinə uyğun təhsil” istiqamətini rəhbər tutaraq bu sahədə qarşıda duran vəzifələri işıqlandırmaq məqsədi daşıyır.

Konfransın açılış mərasimində təhsil naziri Emin Əmrullayev çıxış edib. Təhsil naziri qeyd edib ki, təhsilin idarə olunmasında məzmun, tədris və qiymətləndirmə kimi faktorlara xüsusi önəm verilməlidir. Nazir vacib məsələlər sırasında məktəbəqədər, inklüziv və icma əsaslı məktəbəqədər təhsilin inkişafı və genişləndirilməsini diqqətə çatdırıb. Həmçinin təhsilin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlər sırasında beynəlxalq qiymətləndirmələrin əhəmiyyətindən danışan təhsil naziri PISA, PIRLS və TIMSS kimi tədqiqatlar çərçivəsində Azərbaycandan olan şagirdlərin nəticələrində müsbət dinamikanın nəzərə çarpdığını bildirib.

Təhsil İnstitutunun direktoru Rüfət Əzizov çıxışında məzmunun yenilənməsi, gənclərin rəqəmsal bacarıqlarının artırılması və beynəlxalq qiymətləndirmələrdə irəliləyişlərin əldə olunması kimi məsələlərə toxunub. O, tədrisdə məzmunun tərtibatı zamanı kritik düşüncə, ixtira, müzakirə və layihə əsaslı interaktiv dərslərin təşkili, fənlərarası inteqrasiya və müəllimlərin aidiyyəti üzrə ixtisaslarını artırması kimi vəzifələrin əsas götürüldüyünü qeyd edib.

Dörd gün davam edən konfransda Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, Əməkdar müəllim Asif Cahangirov, ADA Universitetinin prorektoru Vəfa Kazdal, ABŞ-ın Şərqi Karolina Universitetinin professoru Lewis Travis, Pakistanın Baltistan Skardu Universitetinin professoru Ashfaque Ahmad Shah, Şimali Kiprin Doğu Akdeniz Universitetinin professoru Hasan Şimşek, Cənubi Koreyanın İnha Universitetinin professoru Youngsoon Kim, Finlandiyadan təhsilin idarə olunması üzrə mütəxəssis Petri Lounaskorpi, Qırğız-Türk Manas Universitetinin professoru Kürşad Yılmaz, Qazaxıstanın Narxoz Universitetinin professoru Dilbər Gimranova və digərləri çıxış ediblər.

Konfrans “Təhsildə liderlik və idarəetmə”, “Təhsildə keyfiyyət”, “Distant təhsilin idarə olunması”, “İnklüziv təhsilin təşkili”, “Təhsilin idarə olunmasında Orta Asiya təcrübəsi” sessiyaları ilə davam edib, ümumilikdə 65 məruzə dinlənilib.

Konfransın yekun günündə Asif Cahangirovun moderatorluğu ilə sessiyaların rəhbərləri ADPU-nun prorektoru, dosent Eldar Aslanov, Təhsil İnstitutunun şöbə müdiri, professor Piralı Əliyev, Təhsil İnstitutunun direktor müavini, dosent Ənvər Abbasov, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Ülviyyə Mikayılova, ADPU-nun İbtidai təhsil fakültəsinin dekanı, professor Fərrux Rüstəmov, Təhsil İnstitutunun doktorantı Abdulxaliq Məmmədlinin hesabatları dinlənilib.

Seçilmiş məqalələr “Azərbaycan məktəbi” jurnalının xüsusi buraxılışında, konfrans materiallarından ibarət məcmuə isə elektron variantda (PDF formatında) çap ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.