ELM VƏ TƏHSİL
“Təhsil İnstitutu və Azərbaycan pedaqoji fikrinin inkişafı” mövzusunda vebinar təşkil ediləcək
Bakı, 21 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Təhsil İnstitutu 90 illik yubileyi ilə əlaqədar aprelin 29-da vebinar keçirəcək.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbir “Təhsil İnstitutu və Azərbaycan pedaqoji fikrinin inkişafı” mövzusuna həsr olunacaq. Vebinarda spiker qismində Təhsil İnstitutunun direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Əməkdar müəllim Ənvər Abbasov çıxış edəcək. Tədbirdə ali və orta ixtisas təhsili müəssisələrinin professor-müəllim heyəti, tədqiqatçılar, doktorant və dissertantlar, magistrlər, məktəb rəhbərləri və digər pedaqoji sahələrdə çalışanlar iştirak edə bilərlər.
Qeyd edək ki, Ə.Abbasov beynəlxalq təhsil təcrübəsini öyrənmək məqsədilə bir çox ölkələrdə təlimlərdə olub. O, Azərbaycanın müstəqilliyi dövründə həyata keçirilən təhsil islahatlarında, o cümlədən standart və kurikulumların hazırlanmasında iştirak edib.
Azərbaycan dilinin tədrisi metodikası, eləcə də təhsilin məzmunu (didaktika) üzrə tədqiqatlar aparan spiker 200-dən çox elmi-metodik və pedaqoji əsərin, həmçinin 40-a yaxın proqram, dərslik, kitab və kitabçanın müəllifidir.