ELM VƏ TƏHSİL


Təhsil İnstitutunun direktor müavini beynəlxalq vebinarda təqdimatla çıxış edib

Bakı, 22 sentyabr, AZƏRTAC

Sentyabrın 22-də “Son 20 ildəki beynəlxalq miqyaslı qiymətləndirmələr siyasətə və təcrübəyə necə təsir edə bilər: təhsilin keyfiyyətini artırmaq üçün qlobal dərslər" adlı vebinarda Təhsil İnstitutunun direktor müavini Ülkər Babayeva “Təhsildə beynəlxalq qiymətləndirmələr: Azərbaycan nümunəsi” mövzusunda təqdimatla çıxış edib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, Ülkər Babayeva çıxışında müxtəlif beynəlxalq qiymətləndirmə tədqiqatlarından əldə edilən nəticələrin həm təhsil proqramlarının (kurikulumların), həm də dərsliklərin nəzərdən keçirilməsinin və yenidən işlənilməsinin vacibliyini göstərdiyini qeyd edib. O bildirib ki, xüsusilə təbiət fənləri üzrə proqramların və dərsliklərin təkmilləşdirilməsi prosesi beynəlxalq məsləhətçilərin cəlb olunmasını tələb edir. Bu məqsədlə Təhsil Nazirliyi və Təhsil İnstitutu Sinqapurun tanınmış institutları və nəşriyyat evləri ilə əməkdaşlıq edir. Kurikulum və dərsliklərə yenidən baxılması ilə yanaşı, milli qiymətləndirmə siyasəti və təcrübələri də dəyişdirilməli və müəllimlərin peşəkar inkişafı sözügedən islahatları müşayiət etməlidir.

Ü.Babayeva təqdimatı zamanı Azərbaycanın mərkəzləşdirilmiş təhsil sistemi, Oxu Bacarığının İnkişafı üzrə Beynəlxalq Tədqiqatdakı (PIRLS) irəliləyiş, Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı (PISA) və Riyaziyyat və Təbiət Elmləri üzrə Beynəlxalq Qiymətləndirmə Proqramında (TIMSS) müşahidə olunan trendlər barədə danışıb. Həmçinin o, digər beynəlxalq tədqiqatlarda iştirak, dərsliklər, qiymətləndirmə siyasəti, buraxılış imtahanları ilə bağlı gələcək planlar haqqında məlumat verib.

Vebinarda Təhsil və Təlimi Qiymətləndirmə Komissiyasının (ETEC) idarə heyətinin sədri Xalid Abdullah Al-Sabti, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) baş direktoru Salim bin Məhəmməd Əl-Malik, Cənubi Koreyanın təhsil nazirinin müavini Jung Jong Chul, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) təhsil və bacarıqlar departamentinin müdiri və müxtəlif ölkələrin təhsil ekspertləri və təhsil qurumlarının rəsmiləri çıxış ediblər.

Qeyd edək ki, ETEC və ICESCO tərəfindən birgə təşkil edilən vebinar beynəlxalq şagird qiymətləndirmə tədqiqatlarının təhsilin keyfiyyətinin artırılması üçün siyasət və təcrübəyə necə təsir etdiyini araşdırmağı hədəfləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.