ELM VƏ TƏHSİL


Təhsil İnstitutunun təcrübə proqramı: tələbələr müəllimlərin işə qəbulu müsabiqəsinin təşkili prosesində iştirak edirlər

Bakı, 12 iyul, AZƏRTAC

Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) ABŞ-ın Corc Vaşinqton Universiteti ilə birlikdə tələbələr üçün təcrübə proqramı həyata keçirir.

ARTİ-dən AZƏRTAC-a bildirilib ki, ABŞ-ın Corc Vaşinqton Universiteti ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti arasında həyata keçirilən ikili diplom proqramında “Təhsil ixtisası” istiqaməti üzrə magistratura səviyyəsində təhsil alan şəxslər təcrübə proqramına qoşulublar.

Təhsil işçilərinin sertifikatlaşdırılması mərkəzində təcrübə keçən tələbələr müəllimlərin işə qəbulu müsabiqəsinin təşkili prosesində iştirak edir, eyni zamanda, vətəndaşların müsabiqə ilə bağlı məlumatlandırılması, mərkəzə daxil olan müraciətlərinin yazılı və şifahi formada cavablandırılması, sosial media hesabları üçün müvafiq məzmunun hazırlanması işlərində kömək göstərirlər. Təcrübəçilərə müsabiqənin test imtahanı mərhələsində imtahan prosesini izləmək, prosesin necə tənzimləndiyini müşahidə etmək imkanı da verilir.

Təhsil işçilərinin peşəkar inkişafı mərkəzində təcrübə keçənlər əlavə təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi sahəsi üzrə ixtisasartırma fəaliyyətinin rəsmi əsası və ixtisasartırma proqramlarının hazırlanmasına verilən tələblərlə, həmçinin sənədin məzmunu və ümumi strukturu ilə tanış olur, formalarla işin təşkili yollarını öyrənirlər. Bundan əlavə, oxu materiallarını dəyərləndirir, ixtisasartırma təlimlərinin təşkili yolları və ümumilikdə mərkəzin daimi və beynəlxalq layihələri ilə tanış olurlar.

Strateji təhsil tədqiqatları və inkişaf layihələrində təcrübə keçən şəxslər isə təcrübə müddətində müəyyən edilmiş tədqiqat mövzusu çərçivəsində müvafiq mövzu ilə əlaqəli ədəbiyyatların tədqiqi, məlumatların toplanması və təhlili, nəticələrin və tövsiyələrin yazılması kimi fəaliyyətlərlə məşğul olurlar. Tələbələr, həmçinin müvafiq tədqiqatın nəticələrinin hesabat formatına gətirilməsi kimi işlərə dəstək göstərəcəklər.

Qeyd edək ki, ARTİ tərəfindən gələcəkdə bir sıra təcrübə proqramlarının həyata keçirilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.