ELM VƏ TƏHSİL
Təhsil İnstitutunun yeni inkişaf strategiyasının hazırlanması ilə bağlı qərar qəbul edilib
Bakı, 14 iyun, AZƏRTAC
Təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) inzibati binası, iş şəraiti və kollektivi ilə tanış olub. Daha sonra nazir müavini ARTİ-nin rəhbər heyəti ilə görüş keçirib.
Bu barədə AZƏRTAC-a Təhsil İnstitutundan bildirilib. Görüşdə çıxış edən Firudin Qurbanov ARTİ-nin Azərbaycanın təhsil sahəsi və təhsilin inkişafındakı mühüm rolunu vurğulayıb. Elmi tədqiqatların təhsilin məzmununda əhəmiyyəti, təhsil müəssisələrində ehtiyac duyulan tədqiqat mövzuları, yeni metodik vəsaitlər, müəllimlərin peşəkar inkişafı, təhsilin məzmununun bacarıq əsaslı təhsilə uyğunlaşdırılması, tədris resurslarının yenilənməsi, beynəlxalq və milli qiymətləndirmələrin təhlili kimi vacib məqamların ARTİ-nin əsas fəaliyyət istiqamətlərindən olduğu qeyd olunub. Son dövrlərdə tədqiqatların strukturunun dəyişməsi ilə təhsildə innovativ metodların tətbiqi və gələcəyə yönəlmiş peşələrin önə çıxması ARTİ-nin fəaliyyət istiqamətlərini genişləndirməyi zəruri edir. Beynəlxalq tədqiqat mərkəzləri ilə əməkdaşlıq, ali təhsildə gələcəyin ixtisaslarına uyğun proqramların araşdırılması, təhsilin müxtəlif pillələri arasında inteqrasiyanın təşkili, təhsil müəssisələrində innovativ mühitin təşviqi, pedaqoji fəaliyyətə hazırlaşan tələbələrin yeni dövrün tələblərinə uyğun təcrübə proqramı keçməsi kimi fəaliyyətlər əsas istiqamətlərdəndir.
Dördüncü sənaye inqilabından danışan Firudin Qurbanov qeyd edib ki, indiki dövr süni intellektin sənaye və istehsalatda geniş tətbiq olunması ilə səciyyələnir. COVID-19 pandemiyası kimi təhdidlərin təhsil sisteminə təsirindən danışan nazir müavini bildirib ki, indiki şəraitdə təhsil müəssisələri qarşısında hərtərəfli, müasir biliklərlə yanaşı, həm də ünsiyyət qurma bacarıqlarına malik, komanda mühitində işləməyi, öz işini proqnozlaşdırmağı bacaran gənc mütəxəssislərin formalaşdırılması prioritet təşkil edir. Firudin Qurbanovun sözlərinə görə, təhsil müəssisələri təkcə bilik və bacarıqlara deyil, ən əsası insani keyfiyyətlərə və mənəvi dəyərlərə sadiq insan yetişdirməlidir ki, onlar Vətənə və cəmiyyətə fayda versinlər. Təhsil nazirinin müavini gənclərin milli ruhda tərbiyəsi, onlarda vətənpərvərlik hissinin aşılanmasında ali təhsil müəssisələrinin qarşısında duran mühüm vəzifələrdən də danışıb. Ölkənin təhsil müəssisələrində gənclərlə müvafiq işlərin aparılmasının zəruriliyini qeyd edən Firudin Qurbanov gənclərin mədəni-intellektual tədbirlərə, idman yarışlarına cəlb olunmasının xüsusi vacibliyini vurğulayıb. O, təhsil müəssisələrində təlim-tərbiyə işinin gedişi ilə bağlı müvafiq tövsiyələrini ARTİ-nin əməkdaşları ilə bölüşüb.
ARTİ-nin direktoru Rüfət Əzizov çıxışında görülən işlər, davam edən layihələr və gələcək planlardan danışıb. O, ARTİ tərəfindən qarşıya qoyulmuş məqsədlər haqqında danışarkən planlaşdırılan məzmun islahatları, təhsildə beynəlxalq qiymətləndirmələrdə hədəflər, erkən və məktəbəqədər təhsilin inkişafı, təhsildə rəqəmsal texnologiyaların tətbiqi, ali təhsil müəssisələri ilə əməkdaşlıq barədə ətraflı məlumat verib.
Görüşdə təhsil müəssisələrində elmi fəaliyyət bazasının müasir tələblərə uyğun təkmilləşdirilməsi, tədris resursları, doktorantura təhsilinin inkişafı, pedaqoji-psixoloji şuranın yaradılmasının zəruriliyi, müəllimlərin mütəmadi olaraq təlimlərdə iştirakının təmin edilməsi, bu baxımdan ARTİ və pedaqoji kadr yetişdirən təhsil müəssisələri ilə əməkdaşlığın gücləndirilməsi, təhsildə innovativ qiymətləndirmə və monitorinq mexanizmlərinin tətbiqi və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi və digər məsələlərlə bağlı təkliflər səsləndirilib. Sonda ARTİ-nin yeni inkişaf strategiyasının hazırlanması və bunun üçün müxtəlif strukturlardan təkliflərin verilməsi ilə bağlı qərar qəbul edilib.