ELM VƏ TƏHSİL
Təhsil Nazirliyi: Elektron dərslik portalına səsli materiallar əlavə edilib
Bakı, 24 may, AZƏRTAC
Təhsil Nazirliyi tərəfindən hazırlanmış elektron dərslik portalında (www.e-derslik.edu.az) 5, 10 və 11-ci sinif ingilis dili dərsliklərinə dinləyib-anlama ilə bağlı səsli materiallar əlavə edilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, səsli materiallar müvafiq olaraq dərsliklərin “dinlə və cavabla” (listen and answer) tapşırıqları olan səhifələrinə yerləşdirilib. Bununla da istifadəçilər portala daxil olaraq 5, 6, 7, 8, 9, 10 və 11-ci sinif ingilis dili dərsliklərinə əlavə edilmiş dinləyib-anlama səsli materiallarından istifadə edə biləcəklər.
Cari ildə elektron dərslik portalına 5, 6, 8 və 9-cu sinif Azərbaycan tarixi fənni üzrə səsli dərsliklər, 6-cı sinif fizika dərsliyinin mövzularına uyğun videotəcrübələr də əlavə edilib. Ümumilikdə portalda video, qrafika, səs və digər multimedia vasitələri ilə zənginləşdirilmiş dərsliklərin sayı 26-ya çatdırılıb.
Hazırda portalda 217 elektron dərslik, 22 metodik vəsait və 2 sinifdənxaric oxu materialı olmaqla ümumilikdə 241 elektron vəsait mövcuddur. Daim yenilənməsi və mütəmadi olaraq əlavə vasitələrlə zənginləşdirilməsi nəticəsində portala ictimaiyyətin marağı getdikcə artmaqdadır. Belə ki, ötən ilin ilk dörd ayında portala giriş sayı 466 min 878, səhifələrə ümumi baxış sayı isə 3 milyon 249 min 50 idisə, cari ilin ilk dörd ayında bu göstəricilər 2 dəfəyə qədər artıb. Portala giriş sayı 856 min 504, səhifələrə ümumi baxış sayı isə 6 milyon 558 min 414 olub.
Xatırladaq ki, 2018-ci ildə elektron dərslik portalına giriş sayı 1 milyon 697 min 572, səhifələrə ümumi baxış sayı isə 12 milyon 452 min 46 təşkil edib. 2017-ci ilin göstəricilərinə görə isə bu rəqəmlər müvafiq olaraq 1 milyon 21 min 659 və 7 milyon 422 min 957 olub.
2014-cü ildən fəaliyyət göstərən www.e-derslik.edu.az portalının hazırlanmasında məqsəd təhsilalanları təhsil prosesində fəallaşdırmaq, onların İKT-dən səmərəli istifadə etməsinə, dərslikləri elektron formatda oxumasına imkan yaratmaqdır. Bu sistem şagirdlərin dərsliklərdən istifadəsində mobilliyi artırır, məktəblilər istənilən vaxt və istənilən məkanda dərsliklərə müraciət edə bilirlər.
İstifadəçilər onlayn formada və ya əvvəlcədən yükləməklə dərslikləri elektron versiyada oxumaq, onlayn rejimdə dərsliyin istənilən səhifəsində müvafiq lazımi elektron qeydlər aparmaq imkanı qazanırlar. Bu da öz növbəsində təhsilalanların öyrənmə prosesinin fərdiləşməsinə şərait yaradır.