ELM VƏ TƏHSİL


Təhsil Nazirliyi: Müsabiqə və olimpiadaların idarəolunmasında yeni mexanizmlər tətbiq olunur

Bakı, 2 iyun, AZƏRTAC

Təhsil Nazirliyinin təqdim etdiyi bütün elektron xidmətləri vahid məkanda birləşdirən “portal.edu.az” platforması istifadəyə verilib. Vətəndaşlar platformada qeydiyyatdan keçməklə, öz şəxsi kabinetləri vasitəsilə müvafiq elektron xidmətlərdən faydalana bilirlər.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, bu xidmətlər sırasında hazırda “Müsabiqə və olimpiadalar” bölməsi vasitəsilə respublika fənn olimpiadalarının təşkili həyata keçirilir. Bu mexanizm proseslərin çevik və keyfiyyətli təşkilinə şərait yaradır.

Ərizələrin elektron qəbulu ilə şagirdlər heç yerə getmədən öz şəxsi kabinetləri vasitəsilə müsabiqə və olimpiadalar barədə məlumat əldə edir və iştirak üçün rahat şəkildə müraciət edə bilirlər. Müraciət göndərildikdən sonra sistemdə şagirdlərə imtahan tarixi, məkanı və digər detallar qeyd olunmuş buraxılış vərəqələri təqdim edilir.

Məlumatların izlənilməsi şagirdlərə şəxsi kabinetlərində öz nəticələri, müsabiqə və olimpiadaların hazırda hansı mərhələdə olduğu və digər yeniliklər barədə məlumatlar almağa imkan verir. Bu, proseslərin mövcud statusu barədə çevik məlumat əldə edilməsini və istənilən məkandan yoxlanılmasını əlçatan edir.

İştirakçıların mükafatlandırılması vasitəsilə olimpiada və müsabiqədə uğurla iştirak etmiş şagirdlərə sistemdə elektron nailiyyət sənədləri (sertifikatlar) təqdim edilir. Şagirdin iştirak etdiyi bütün müsabiqələr, onun nailiyyətləri və sertifikatları sistemdə saxlanılır və şəxsi kabinetdə öz əksini tapır.

Proseslərin avtomatlaşdırılması, olimpiada və müsabiqələrin idarəolunmasının rəqəmsallaşdırılması sistemdə imtahan mərkəzlərinin təyin edilməsinə, müraciət edən şagirdlərin avtomatik olaraq imtahan mərkəzləri üzrə yerləşdirilməsinə, şagirdlərin ümumi siyahısına nəzarət etməyə, müvafiq hesabatların hazırlanmasına imkan verir.

Nəticələrin təhlili ilə bağlı sistemdə monitorinq imkanı var ki, bu da öz növbəsində, illər üzrə keçirilən müsabiqə və olimpiada nəticələrinin təhlil olunmasına və şagird nailiyyətlərinə əsasən effektiv tədris strategiyalarının hazırlanmasına şərait yaradır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.