ELM VƏ TƏHSİL
Təhsil Nazirliyi: Şagirdlərimiz Avropa Fizika Olimpiadasında uğurla çıxış edərək medal qazanıblar
Bakı, 27 iyun, AZƏRTAC
Latviyada keçirilən Avropa Fizika Olimpiadasında (EuPhO 2021) Azərbaycan məktəbliləri uğurla çıxış edərək 2 bürünc medal və 2 həvəsləndirici mükafat qazanıblar.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın XI sinif şagirdləri Sirac Yəhyazadə və Murad Bəşirov olimpiadanın bürünc medalına, Gənc İstedadlar liseyinin X sinif şagirdi Rəfsan Həbibullayev və Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi Rüfət Məmmədov olimpiadanın həvəsləndirici mükafatına layiq görülüblər.
Qeyd edək ki, şagirdlər Təhsil Nazirliyi tərəfindən yaradılan Beynəlxalq olimpiadalara hazırlıq mərkəzinin dinləyiciləridirlər.