ELM VƏ TƏHSİL
Təhsil Nazirliyi: Tvinninq layihəsi çərçivəsində Litva və Latviyaya təlim səfəri təşkil olunub
Bakı, 20 fevral, AZƏRTAC
Avropa İttifaqının “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” adlı Tvinninq layihəsi çərçivəsində Litva və Latviyaya təlim səfəri təşkil olunub.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, təlim səfərində bu qurumu və üç ali təhsil müəssisəsini (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universiteti və Sumqayıt Dövlət Universiteti) təmsil edən 7 nəfərdən ibarət nümayəndə heyəti iştirak edib.
Səfərin məqsədi kompetensiyaya əsaslanan təhsil proqramlarının hazırlanması, təlim nəticələrinin işlənməsi və ümumilikdə ali təhsil sisteminin Bolonya kontekstində inkişafı sahəsində həmin ölkələrdə mövcud təcrübə ilə yaxından tanışlıq olub.
Nümayəndə heyətinin üzvləri Litvanın Təhsil, Elm və İdman Nazirliyi, Ali Təhsildə Keyfiyyətin Qiymətləndirilməsi Mərkəzi, Vilnüs Universiteti və Vilnüs Gediminas Texniki Universitetində görüşlər keçirib, kompetensiyalara əsaslanan təhsilin həyata keçirilməsi sahəsində mövcud çətinliklər və əldə olunmuş nailiyyətlər barədə öz həmkarları ilə fikir mübadiləsi aparıblar.
Eyni zamanda, nümayəndə heyətinin üzvləri Latviyanın Təhsil və Elm Nazirliyində görüşdə iştirak edib, peşə, dövlət ali təhsil standartlarının kompetensiyalara əsaslanan yanaşmanı nəzərə almaqla işlənib hazırlanması sahəsində Latviya təcrübəsi ilə tanış olublar. Riqa Texniki Universiteti və Latviya Universitetində isə kompetensiyalara əsaslanan yanaşmanın pedaqoji, texniki və təbiət elmləri üzrə təhsil proqramlarında tətbiqi ilə bağlı Latviya təcrübəsi öyrənilib.