ELM VƏ TƏHSİL


Təhsil Nazirliyi: Uşaqlar üçün açıq havada məşğələ, ekskursiya və ustad dərsləri keçirilir

Bakı, 29 iyul, AZƏRTAC

Təhsil Nazirliyinin dəstəyi, “NARGIS” nəşriyyat evi və Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə 5-14 yaş arası uşaqlar üçün “Yer kürəsində təbəssüm yaradın” (Make the Earth Smile) mövzusunda açıq dərslər, interaktiv görüşlər, açıq havada məşğələ, ekskursiyalar və ustad dərsləri proqramına başlanılıb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, proqram çərçivəsində uşaqlara tullantıların düzgün atılması, təkrar emal edilə bilməyən materialların zərərləri və tullantılardan sənət əsərləri yaratmaq barədə məlumat verilir. Proqram iyulun 23-dən avqustun 27-dək cümə günləri saat 17:00-19:00-da “NARGIS” jurnalının Dənizkənarı Milli Parkda təşkil olunan sərgisində keçirilir.

Tədbirin proqramına mütəxəssislərlə görüşlər, israf problemi barədə uşaq qrupları ilə müzakirə, komanda debatları, həmçinin açıq havada komanda interaktiv oyunları, “NARGIS” jurnalının sərgisinə ziyarət, heykəltəraş və rəssamların əsərlərinin müzakirəsi, “Əşyaların ikinci həyatı” oyun-ev tapşırığı və “Yaradıcı Mən” dizaynerlə ustad dərsləri daxildir.

Sərgidə təqdim olunan 15 instalyasiya arasında Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi ilə “NARGIS” nəşriyyat evi tərəfindən 2019-cu ildə keçirilmiş ən yaxşı instalyasiya müsabiqəsinin qalibi Bakı Avropa Liseyinin şagirdləri tərəfindən hazırlanmış "Eynşteynin Portreti" paneli də yer alır.

Məktəblilərin bu cür sərgilərdə iştirakı onlarda təbiəti qoruma şüurunun formalaşdırılması və ekoloji tərbiyənin təbliği baxımından mühüm əhəmiyyət daşıyır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.