ELM VƏ TƏHSİL
Təhsil Nazirliyi: Xaricdə doktoranturaya sənəd qəbulunun 2022-ci ilin yaz semestri üzrə aparılması planlaşdırılır
Bakı, 10 sentyabr, AZƏRTAC
“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi üçün sənəd qəbulu ildə 2 dəfə həyata keçirilir.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, növbəti sənəd qəbulunun 2022-ci ilin yaz semestri üzrə aparılması planlaşdırılır.
Qeyd edək ki, proqram prioritet ixtisas istiqamətləri üzrə xaricdə doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda müvafiq sahələr üzrə xaricdə doktorantura səviyyəsində təhsil alan namizədlər üçün nəzərdə tutulub.
Müraciət üçün aşağıdakı sənədlər tələb olunur:
-Dünyanın top 500 universitetindən birindən prioritet ixtisas istiqaməti üzrə qəbul sənədi;
-Yerli ali təhsil müəssisəsindən razılıq məktubu;
-Tədqiqat işi (Azərbaycan dilində və 2000 sözdən az olmayaraq);
-Diplom(lar) və əlavəsi(ləri);
-Hərbi bilet və ya hərbi xidmətdən möhlət haqqında sənəd;
-Tövsiyə məktubları (2 ədəd);
-Sağlamlıq haqqında arayış (AZS – 086/1);
-Elmi məqalələrin surəti (mövcud olduğu halda);
-CV.