ELM VƏ TƏHSİL
Təhsil Nazirliyi: namizədlər “Rəqəmsal bacarıqlar” layihəsi üzrə vakansiya seçimində iştirak edə bilər
Bakı, 5 avqust, AZƏRTAC
2021-2022-ci tədris ili üçün ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsində namizədlərə “Rəqəmsal bacarıqlar” layihəsi üzrə vakansiya seçimi etmək imkanı verilir.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, əvvəlki illərdən fərqli olaraq ilk dəfə həyata keçirilən layihə üzrə vakansiya seçimlərində müəllimlərin işə qəbulu müsabiqəsində informatika fənni üzrə 30 və daha yüksək bal toplayan namizədlər iştirak edə bilərlər. Layihə üzrə təqdim olunan vakansiyalara yerləşən namizədlər müsabiqənin müsahibə mərhələsində uğur qazandığı təqdirdə müddətsiz müqavilə əsasında işə qəbul olunacaq.
Qeyd edək ki, “Rəqəmsal bacarıqlar” layihəsi 2017-ci ildən həyata keçirilir və təhsilalanlara yeni texnologiyanı, rəqəmsal bacarıqları, proqramlaşdırmanı təcrübədə öyrənməyə imkan verir.