ELM VƏ TƏHSİL
Təhsil Nazirliyində “Çağ” Öyrətim İşlətmələri Şirkəti liseylərinin beynəlxalq olimpiadalarda uğur qazanmış şagirdləri ilə görüş keçirilmişdir
Bakı, 13 fevral (AZƏRTAC). Fevralın 13-də Təhsil Nazirliyində “Çağ” Öyrətim İşlətmələri Şirkəti liseylərinin beynəlxalq olimpiadalarda uğur qazanmış şagirdləri ilə görüş keçirmişdir.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, həmin şagirdlər 2012-ci ildə İran İslam Respublikasının Tehran şəhərində keçirilmiş Beynəlxalq təbiət elmləri olimpiadasında (İJSO) 4 bürünc, cari il yanvarın 13-dən 20-dək Qazaxıstan Respublikasının Almatı şəhərində keçirilmiş Beynəlxalq Jautikov fizika-riyaziyyat və informatika olimpiadasında 1 gümüş, 3 bürünc medal qazanmış və 2 həvəsləndirici sertifikat əldə etmişlər.
Mərasimi giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov ölkəmizdə istedadlı uşaq və gənclərin aşkar olunması, onlara xüsusi diqqət və qayğı göstərilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulamışdır. Bu işin respublikamızda müxtəlif proqramlar çərçivəsində həyata keçirildiyini deyən M.Mərdanov “Çağ” Öyrətim İşlətmələri Şirkətinin Azərbaycanda müvafiq sahədəki fəaliyyətini yüksək dəyərləndirmişdir.
Azərbaycan məktəblilərinin beynəlxalq bilik yarışlarında, müsabiqə və olimpiadalarda iştirakının əhəmiyyətindən söz açan nazir hər bir olimpiadaya xüsusi proqram əsasında ən azı bir il əvvəlcədən hazırlaşmağın vacibliyini qeyd etmiş, belə yarışlarda uğur qazanılması məqsədilə ali təhsil müəssisələrinin, AMEA-nın elmi-tədqiqat institutlarının ümumtəhsil məktəbləri ilə əlaqələrinin yaradılmasının böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırmışdır.
“Çağ” Öyrətim İşlətmələri Şirkəti liseylərinin yetirmələrinin bilik yarışlarında əldə etdikləri nailiyyətlərlə daim nümunə olduqlarını vurğulayan Misir Mərdanov qurumun rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirmiş, beynəlxalq olimpiadalarda fərqlənmiş şagirdləri, onların müəllimlərini və valideynlərini təbrik edərək şagirdlərə gələcəkdə keçiriləcək ən nüfuzlu bilik yarışlarında böyük uğurlar qazanmağı arzulamışdır.
Tədbirdə beynəlxalq olimpiadalarda uğur qazanmış şagirdlərə hədiyyələr təqdim olunmuşdur.