ELM VƏ TƏHSİL
Təhsil Nazirliyində Maarifçi Tələbə Kredit Fondunun ilk kreditləri təqdim olunub VİDEO
Bakı, 30 iyun, AZƏRTAC
İyunun 30-da Təhsil Nazirliyində Maarifçi Tələbə Kredit Fondunun ilk kreditlərini alan tələbələrə sertifikatların təqdim olunması mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə təhsil naziri Mikayıl Cabbarov müasir dünyada təhsilin mühüm rolundan danışıb, ölkəmizdə bu sahənin inkişafına böyük önəm verildiyini diqqətə çatdırıb, Maarifçi Tələbə Kredit Fondunun fəaliyyəti barədə fikirlərini bildirib. Qeyd olunub ki, Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılmış Maarifçi Tələbə Kredit Fondu müvafiq dövlət ali təhsil müəssisələri tərəfindən təsis edilib. Fondun əsas missiyası təhsil haqqını ödəməkdə çətinlik çəkən aztəminatlı ailələrdən olan tələbələrə uzunmüddətli güzəştli kreditlər verilməsi ilə onlara ali təhsil almaqda bərabər imkanların yaradılmasıdır.
Maarifçi Tələbə Kredit Fondunun icraçı direktoru Rüfət Mahmud fondun yaradılmasının əhəmiyyətindən danışıb.
İctimaiyyətin nümayəndələrinin fondla bağlı fikirlərini əks etdirən videoçarx nümayiş olunub.
Sonra Maarifçi Tələbə Kredit Fondu tərəfindən ilk təhsil krediti ayrılan bir qrup tələbəyə müvafiq sertifikatlar təqdim edilib.
Tələbələr onların təhsilinə göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.