ELM VƏ TƏHSİL


Təhsil Nazirliyində “Yeni ixtisasartırma modelinə keçid” mövzusuna həsr olunmuş müşavirə keçirilmişdir

Bakı, 14 fevral (AZƏRTAC). Fevralın 14-də Təhsil Nazirliyində “Yeni ixtisasartırma modelinə keçid” mövzusuna həsr olunmuş müşavirə keçirilmişdir.

Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, təhsil naziri Misir Mərdanov müasir dünyada ixtisasartırma təhsilinə mühüm əhəmiyyət verildiyini nəzərə çatdıraraq diqqəti son illər ölkəmizdə bu istiqamətdə görülmüş işlərə cəlb etmişdir.

“Yeni ixtisasartırma modelinə keçid” mövzusunda təqdimat-məruzə ilə çıxış edən nazir ixtisasartırma təhsilində modul-kredit sisteminin tətbiqinin hüquqi-normativ əsasları və müsbət cəhətləri barədə məlumat vermişdir. Yeni modelə əsasən ixtisasartırma təhsili proqramlarının 3 modul üzrə qurulmasının nəzərdə tutulduğunu bildirən M.Mərdanov həmin modulların tərkib hissələrindən söhbət açmışdır.

Təhsil naziri diqqəti yeni ixtisasartırma modelinin üstünlüklərinə və ənənəvi modeldən fərqli cəhətlərinə yönəltmiş, ixtisasartırma təhsili sahəsində modul-kredit sisteminin tətbiqi istiqamətində son illər ərzində əldə olunmuş uğurlara toxunaraq, ümumtəhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin müəllimləri üçün ixtisasartırma təhsilinin kurikulum çərçivəsinin hazırlandığını bildirmişdir. Qeyd edilmişdir ki, ixtisasartırma sahəsində modul-kredit sisteminə keçidlə əlaqədar Təhsil Nazirliyinə təqdim edilmiş proqramlar müvafiq müsabiqə əsasında seçilmişdir.

Azərbaycan Müəllimlər İnstitutu, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Əlavə Təhsil Mərkəzi tərəfindən təqdim olunmuş proqramların modullar üzrə bölgüsündən söz açan nazir həmin müəssisələrin sayının artmasının mümkünlüyünü nəzərə çatdırmış, təqdim olunmuş ixtisasartırma proqramlarının müvafiq qiymətləndirmə meyarları əsasında dəyərləndiriləcəyini, ixtisasartırma aparacaq qurumların kadr potensialının da qiymətləndiriləcəyini vurğulamışdır.

Bildirilmişdir ki, yeni ixtisasartırma modeli ümumtəhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin pedaqoji və digər işçilərinin bilik, bacarıq və peşəkarlıq səviyyələrinin, dünyagörüşlərinin inkişaf etdirilməsinə daha mütərəqqi üsullarla nail olmaq məqsədilə hazırlanmışdır.

Yeni ixtisasartırma modelinin tətbiqi üçün həyata keçiriləcək digər tədbirlərdən söz açan M.Mərdanov qarşıya qoyulmuş vəzifələrin uğurla yerinə yetiriləcəyinə ümidvar olduğunu bildirmişdir.

Müşavirədə yeni ixtisasartırma modelinə keçidlə bağlı müxtəlif fikirlər səsləndirilmiş, müvafiq təkliflər verilmiş, suallar cavablandırılmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.