ELM VƏ TƏHSİL


Təhsil Nazirliyində dünya səviyyəli yarışlarda yüksək nəticə göstərən idmançılarla görüş keçirilib

Bakı, 27 iyul, AZƏRTAC

İyulun 27-də Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərinin yetirmələri olan, Avropa və dünya səviyyəli yarışlarda uğurlu nəticə göstərən idmançılarla görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən nazir müavini Firudin Qurbanov ölkəmizdə idmana olan dövlət qayğısından, bu sahədə həyata keçirilən tədbirlərdən, idman və bədən tərbiyəsinin inkişafı, kütləviliyin təmin edilməsi məqsədilə görülən işlərdən danışıb. Təhsilin keyfiyyətinin yüksəldilməsi, bu sahədə uğurlu nəticələrin əldə olunmasında təhsilalanların fiziki sağlam, psixoloji dayanıqlı olmalarının əhəmiyyətini vurğulayıb.

Nazir müavini xatırladıb ki, 1997-ci ildən Milli Olimpiya Komitəsinə İlham Əliyevin prezident seçilməsindən sonra Azərbaycanda idmana diqqət, qayğı daha da artdı. Rayonlarda olimpiya kompleksləri tikildi. Bu olimpiya kompleksləri idmançıların yetişdirilməsində baza rolunu oynadı. 1996-cı ildə Azərbaycan müstəqil dövlət kimi ilk dəfə Olimpiya Oyunlarına qatılanda cəmi bir medal qazanmışdı. Son illər idmançılarımızın beynəlxalq yarışlardakı nailiyyətlərinə diqqət yetirdikdə medal sayında ciddi artım olduğunu görürük. İdmanda qazanılan uğur ölkənin nüfuzunu qaldırır, beynəlxalq arenalarda bayrağımız dalğalanır, himnimiz səsləndrilir. Təhsil Nazirliyi də məktəblilər arasında idmana marağın artırılmasına xüsusi önəm verir. 2020-2021-ci tədris ilində məktəblilər idman sahəsində 299 medal, o cümlədən 95 qızıl medal qazanıblar. Avropa və dünya çempionatlarında isə məktəblilər 23 qızıl, 35-i gümüş olmaqla 94 medal qazanıblar.

Firudin Qurbanov idmançıların əldə etdiyi uğurların davamlı olacağına əminliyini bildirib.

İdmançılar adından çıxış edən 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi, Avropa Kubokunun qalibi Turan Bayramov görüşün təşkilinə görə təşəkkür edib, uşaq-gənclər idman-şahmat məktəblərində məşq prosesinin təşkili ilə bağlı yaradılan şəraitə görə minnətdarlığını bildirib.

Görüşdə qalib idmançılara Təhsil Nazirliyi adından hədiyyələr təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.