ELM VƏ TƏHSİL


Təhsil Nazirliyində niyyət protokolu imzalanıb  YENİLƏNİB

Bakı, 8 aprel, P.İmanova, AZƏRTAC

Aprelin 8-də Təhsil Nazirliyində Azərbaycan Dövlət Aqrar Universiteti ilə Türkiyə Respublikasının Ege Universiteti arasında niyyət protokolu imzalanıb.

AZƏRTAC xəbər verir ki, niyyət protokolu Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov və Ege Universitetinin rektoru Necdet Budak tərəfindən imzalanıb.

Təhsil naziri Ceyhun Bayramov bildirib ki, protokolun imzalanması dövlət başçısının müvafiq Sərəncamı ilə təsdiq edilmiş “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın icrası istiqamətində ali təhsil müəssisələri arasında ikili diplom proqramının təsis olunması üzrə danışıqların aparılması məqsədinə xidmət edir və ölkəmizdə aqrar sahədə təhsilin inkişafına mühüm töhfə verəcək. Qeyd edilib ki, niyyət protokolu hər iki ali məktəb arasında kənd təsərrüfatı ixtisasları üzrə bakalavriat səviyyəsində ikili diplom proqramının təsis olunmasına dair danışıqların aparılmasını ehtiva edir.

Kənd təsərrüfatı naziri İnam Kərimov ölkəmizdə təhsilin, eyni zamanda, aqrar sahənin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu söyləyib. Bildirib ki, aqrar sahə qeyri-neft sektorunun aparıcı istiqamətidir. Ölkə rəhbəri tərəfindən Azərbaycanda bu sahədə genişmiqyaslı islahatlar həyata keçirilir. Aqrar sahənin pillələrindən biri də təhsil sahəsində imkanların artırılması və genişləndirilməsidir. Ölkəmizdə aqrar sahə üzrə ali məktəb kimi Azərbaycan Dövlət Aqrar Universitetinin böyük təcrübəsi və ənənələri vardır. Ege Universiteti ilə niyyət protokolunun imzalanması aqrar sahədə təhsilin daha modern səviyyədə qurulmasına, universitetin fəaliyyətinin daha da təkmilləşdirilməsinə, ali məktəblər arasında əlaqələrin genişləndirilməsinə layıqli töhfə verəcək.

Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını xatırladan Ege Universitetinin rektoru Necdet Budak bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də Azərbaycan-Türkiyə münasibətlərinin inkişaf dinamikasını yüksək dəyərləndirib. O, bu sahədə əlaqələrin daha da genişləndirilməsi istiqamətində niyyət protokolunun imzalanmasının əhəmiyyətini qeyd edib.

Rektor Ege Universitetinin fəaliyyəti və tədris proqramı barədə də məlumat verib.

Xatırladaq ki, “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın əsas hədəfi ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq ölkəmizdə yeni nəsil mütəxəssislərin yetişdirilməsi, Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.