ELM VƏ TƏHSİL
Təhsil Nazirliyinin “Sağlam təhsil-sağlam millət” layihəsi uğurla həyata keçirilir


Bakı, 30 sentyabr, AZƏRTAC
Sentyabrın 30-da Bakı şəhərindəki 47 nömrəli tam orta məktəbdə yaradılmış “Sağlam təhsil” sinfi ilə tanışlıq məqsədilə mediatur keçirilib.
AZƏRTAC xəbər verir ki, Təhsil Nazirliyinin təşkil etdiyi tədbirdə KİV-lərin 20-dək nümayəndəsi iştirak edib.
Mediatur zamanı media nümayəndələrinə “Sağlam təhsil” sinifləri barədə geniş məlumat verilib. Bildirilib ki, 2015-2016-cı tədris ilində “Sağlam təhsil-sağlam millət” layihəsi çərçivəsində daha 52 “Sağlam təhsil” sinfi yaradılıb. Hazırda Bakıda 33, Sumqayıtda bir ümumtəhsil məktəbi olmaqla, ümumilikdə 34 təhsil ocağında 67 “Sağlam təhsil” sinfi fəaliyyət göstərir. Həmin siniflərdən 15-i ötən tədris ilində yaradılıb.
Qeyd edək ki, “Sağlam təhsil” siniflərində tədris hərəkətli təlim şəraitində həyata keçirilir. Şagird masaları həm oturaraq, həm də ayaqüstə çalışmaq imkanı verir. Bu siniflərdə dərs deyən müəllimlərin maarifləndirilməsi işini daha səmərəli təşkil etmək məqsədilə “Sinif gigiyenası” adlı metodik vəsait hazırlanıb və həmin vəsait müəllimlərə çatdırılıb.
Ötən tədris ilindən fəaliyyət göstərən 15 “Sağlam təhsil” sinfində keçirilmiş tibbi monitorinq bu siniflərdə tətbiq olunan texnologiyaların uşaqların sağlamlığına müsbət təsir etdiyini aşkara çıxarıb. Eyni zamanda, belə siniflərdə təhsil alan şagirdlərin fiziki və intellektual cəhətdən daha yaxşı inkişaf etdiyi, onların öyrənmə qabiliyyətinin, habelə emosional-psixoloji durumunun yüksəldiyi müəyyənləşdirilib.
“Sağlam təhsil-sağlam millət” layihəsinin əsas məqsədi təhsil alanların təlim nailiyyətlərini yüksəltməklə yanaşı, tədris şəraitindən irəli gələn hərəkət məhdudiyyətini və digər amilləri aradan qaldırmaq, onların sağlamlığını qorumaqdır.