ELM VƏ TƏHSİL
Təhsil Nazirliyinin əməkdaşı: Qalib seçilən layihələrin icrası üçün maliyyə vəsaiti köçürülmüş hazır kartlar təqdim olunacaq
Bakı, 19 iyun, AZƏRTAC
Layihələr qiymətləndirilərkən hansı regiondan olması və müəllifi qətiyyən bəlli olmur. Anonimlik tam qorunur. Layihənin yalnız adı və məzmunu ekspertlərə təqdim edilir. Ekspertlər qrupu isə təhsildə kifayət qədər təcrübəsi və səriştəsi olan şəxslərdən təşkil olunub. Qalib seçilən layihələri maliyyələşdirmə mexanizmi iki formada həyata keçirilir. Ümumtəhsil müəssisələri kateqoriyası üzrə maliyyələşdirmə 30, 40 və 30 faiz olmaqla 3 mərhələdə həyata keçirilir. Fərdi kateqoriya üzrə 70 və 30 faiz olmaqla 2 mərhələdə həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, bunu Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin nəticələri barədə canlı yayımda Təhsil Nazirliyinin layihələr üzrə iş sektorunun müdiri Xamis Seyranov deyib.
O bildirib ki, regionlarda olan Ərazi Maliyyə Hesablaşma Mərkəzləri öz ərazilərində olan layihə müəllifləri ilə əlaqə saxlayaraq hazır maliyyə vəsaiti köçürülmüş bank kartlarını onlara təqdim edəcəklər. Kartda maliyyə vəsaitinin 70 faizi olacaq. Layihənin birinci mərhələsi icra olunduqdan sonra ikinci mərhələ üçün yerdə qalan məbləğ hesaba köçürüləcək.