ELM VƏ TƏHSİL


Təhsil Problemləri İnstitutunun əməkdaşları tərəfindən aparılan elmi tədqiqat işlərinin nəticələrinin müzakirəsinə həsr olunmuş seminar keçirilmişdir

Bakı, 18 fevral (AZƏRTAC). Təhsil Nazirliyində Təhsil Problemləri İnstitutunun əməkdaşları tərəfindən aparılan elmi tədqiqat işlərinin nəticələrinin müzakirəsinə həsr olunmuş növbəti seminar keçirilmişdir.

Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, “İbtidai sinfin bir müəllim və ya fənn müəllimləri tərəfindən aparılmasının mümkünlüyünün müqayisəli təhlili” mövzusunda aparılmış araşdırmaların nəticələrinin müzakirə olunduğu seminarda təhsil naziri Misir Mərdanov, Təhsil Nazirliyinin şöbə və struktur bölmələrinin rəhbərləri, Təhsil Problemləri İnstitutunun rəhbər işçiləri və əməkdaşları, bir sıra ümumtəhsil müəssisələrinin direktorları və ibtidai sinif müəllimləri iştirak etmişlər.

Tədbirdə Təhsil Problemləri İnstitutunun şöbə müdiri, dosent Bibixanım İbadova mövzu üzrə aparılmış araşdırmaların nəticələrinə dair geniş məruzə-təqdimatla çıxış etmişdir. Əvvəlcə tədqiqatla bağlı görülmüş işləri diqqətə çatdıran məruzəçi müvafiq işçi qrupunun yaradıldığını, tədqiqata cəlb olunacaq rayon və məktəblərin müəyyənləşdirildiyini, Ağstafa, İmişli, İsmayıllı, Masallı, Qax, Göyçay rayon təhsil şöbələrindən statistik məlumatların alındığını bildirmişdir.

B.İbadova məktəb rəhbərləri, müəllimlər, şagirdlər və valideynlərlə anket sorğularının keçirildiyi, dərslərin dinlənildiyi, beynəlxalq məsləhətçilərin dəstəyi ilə bir sıra ölkələrin təcrübəsinin öyrənildiyi barədə məlumat vermiş, respublikanın ali və orta ixtisas təhsili müəssisələrində kadr hazırlığı ilə bağlı müəyyən pedaqoji sənədlərin araşdırıldığını qeyd etmişdir.

Problemlə bağlı mövcud vəziyyətin bir neçə parametr üzrə öyrənildiyini deyən şöbə müdiri həmin araşdırmalar nəticəsində tədqiqata cəlb olunmuş 6 min 820 nəfər ibtidai sinif müəllimindən 4 min 693-nün xarici dil və informatika fənlərindən başqa bütün fənləri tədris etdiklərini söyləmişdir. İbtidai siniflərdə Azərbaycan dili və riyaziyyatın tədrisinin bir, həyat bilgisi, təsviri incəsənət, musiqi, fiziki tərbiyə, texnologiya fənlərinin digər ibtidai sinif müəllimləri, xarici dil və informatika fənlərinin isə ixtisaslı müəllimlər tərəfindən tədrisi vəziyyətinin araşdırılmasının nəticələri də diqqətə çatdırılmışdır.

Bir çox tədris ocaqlarında ibtidai siniflərdə xarici dil və informatika fənlərindən başqa Azərbaycan dili, riyaziyyat, həyat bilgisi, texnologiya, təsviri incəsənət fənlərinin ibtidai sinif müəllimləri, musiqi və fiziki tərbiyə fənlərinin isə ixtisas müəllimləri tərəfindən aparılması faktlarının olduğunu vurğulayan şöbə müdiri “yığma fənlər”i yaradan səbəblərdən söz açmışdır.

Tədbirdə təhsil naziri Misir Mərdanov mövzunun aktual olduğunu, tədqiqatın əhatəli aparıldığını bildirmiş, onun nəticələri barədə hazırlanmış məruzə-təqdimatın metodik vəsait kimi çap olunmasını tövsiyə etmişdir. İbtidai siniflərdə tədrisin bir müəllim, yoxsa fənn müəllimləri tərəfindən aparılması üsullarından hansının daha yaxşı olmasını birmənalı deməyin mümkün olmadığını söyləyən nazir bu işin müəllimin hazırlığından asılı olduğunu qeyd etmişdir. Ümumilikdə, təhsil-təlim işində müəllimin şəxsiyyətinin aparıcı rol oynadığını vurğulayan M.Mərdanov müasir müəllimdən tələb olunan keyfiyyətlər barədə fikirlərini bildirmişdir. Təhsil naziri bir və ya bir neçə müəllimin dərs dediyi ibtidai siniflərin təxminən 10 ildən sonrakı vəziyyətinin müqayisəli təhlili üzrə aparılacaq tədqiqatların bu üsullardan daha yaxşısının müəyyənləşdirilməsinə kömək edə biləcəyini nəzərə çarpdırmışdır.

Sonra mövzu ilə bağlı bir sıra çıxışlar dinlənilmiş, müvafiq təkliflər irəli sürülmüşdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.