REGİONLAR


Təhsil aldığı məktəbdə şəhid Xudayar Yusifzadənin büstü qoyulub

Bərdə, 19 fevral, AZƏRTAC

İkinci Qarabağ müharibəsində "Vətən yaxşıdır" mahnısı ilə tanınaraq dastana dönən şəhid gizir Xudayar Yusifzadənin xatirəsi bir vaxtlar təhsil aldığı Bərdə şəhər 1 nömrəli uşaq incəsənət məktəbində əbədiləşdirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, məktəbin foyesində "Azərbaycan bayrağı" ordenli şəhidin büstü qoyulub. Açılış mərasimində Bərdə Regional Mədəniyyət İdarəsinin rəhbərliyi, məktəbin kollektivi, şəhidin ailə üzvləri, müəllimləri və döyüş yoldaşları, Azərbaycan Dövlət Pedaqoji Universitetinin bir qrup müəllim-professor heyəti iştirak edib.

Əvvəlcə şəhid Xudayar Yusifzadənin büstünün və İkinci Qarabağ müharibəsində şəhid olan bərdəli gənclərin xatirəsinə ehtiram əlaməti olaraq hazırlanmış guşənin önünə əklil və çiçəklər düzülüb.

Mərasimdə çıxış edən regional idarənin rəisi İlyas Hacıyev Prezident İlham Əliyev tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışıb. Bildirib ki, hər bir azərbaycanlı şəhidlərin adını daim uca tutmalı, onların ailə üzvlərinə, doğmalarına hörmətlə yanaşmalıdır. Bu, hər bir insanın vətəndaşlıq borcudur. Ölkəmizin ərazi bütövlüyü uğrunda vuruşaraq canlarından keçmiş şəhidlər heç bir zaman unudulmayacaq, onların xatirəsi daim əziz tutulacaq.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin dekanı, filologiya elmləri doktoru, professor, şairə Mahirə Hüseynova bildirib ki, müharibələr itkisiz olmur və azadlıq qurbanlar tələb edir. Elə buna görə də Azərbaycanın mərd oğulları torpaqlarımızın azadlığı üçün canlarından keçdilər. Məhz onların canları, qanları hesabına Azərbaycanın əzəli torpaqları işğaldan azad edildi. Sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları zamanı Vətən uğrunda canını fəda edərək şəhidlik zirvəsinə yüksələnlər həm də öz adlarını xalqın tarixi yaddaşına həkk etdilər. Onlar Vətən, dövlət və xalq qarşısında öz borclarını ödəyib qəhrəmanlıq nümunəsi yaratdılar, milyonlarla insanın sevgisini, rəğbətini qazandılar.

Şəhidin ailə üzvləri Vətən uğrunda canlarını qurban vermiş qəhrəman oğulların xatirəsinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Mərasimdə şəhid Xudayar Yusifzadənin döyüş yoldaşları çıxış edərək onun keçdiyi döyüş yolundan, göstərdiyi igidlik və şücaətdən danışıblar.

Tədbirin sonunda Azərbaycanın Əməkdar artisti Elnur Zeynalov “Xudayar” təsnifini, məktəbin müəllimləri Fuad Əzizzadə və Yasin Əkbərov “Qarabağ şikəstəsi"ni ifa ediblər.

Qeyd edək ki, şəhid gizir Xudayar Yusifzadə 1998-ci ildə Bərdə rayonunda anadan olub. 2020-ci il oktyabrın 22-də Zəngilan rayonunun Ağbənd qəsəbəsi uğrunda gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra “Azərbaycan bayrağı” ordeni, “Vətən uğrunda” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib. Döyüşlərdəki şücaəti ilə seçilən Xudayar həm də gülər üzü, Vətən sevgisi və xoş avazı ilə qəlblərə yol tapıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.