ELM VƏ TƏHSİL
“Təhsil avtobusu–2018” yay məktəbi Qəbələdə yekunlaşıb
Bakı, 24 iyul, AZƏRTAC
“Azərbaycan üçün öyrət” təhsil proqramı çərçivəsində “Təhsil avtobusu–2018” yay məktəbinin sonuncu tədbiri Qəbələ şəhərində keçirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə layihənin təşkilatçıları ilə yanaşı, Qəbələ Rayon Təhsil Şöbəsinin nümayəndələri, məktəblilər iştirak ediblər.
Yay məktəbində “Mənim uğurlu karyeram”, “Kommunikasiya”, “Robotlarla iş”, “Sığorta” və “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib. Təlimlər və oyunlarda fəal iştirak edən şagirdlər sertifikatla təltif olunublar.
“Təhsil avtobusu–2018” yay məktəbinin məqsədi bölgələrdəki modul tipli, eləcə də digər məktəblərin şagirdlərinin şəxsi inkişafına stimul vermək, həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına təsir etmək, onların dərsə marağının artmasına şərait yaratmaqdır.
Qeyd edək ki, yay məktəbinə iyulun 17-dən başlanılıb. Proqram çərçivəsində ölkənin 5 bölgəsindəki ümumtəhsil məktəblərinin akademik göstəriciləri zəif və orta olan 7-8-9-cu sinif şagirdləri təlimçi və ekspertlər tərəfindən keçirilən fərdi inkişaf təlimləri və intellektual yarışlarda iştirak ediblər.
Yay məktəbi Təhsil Nazirliyinin təşkilatçılığı, “Engin” LTD MMC, “Kapital Bank”, “Ekspo 2025 Bakı” layihəsinin əsas dəstəyi, “Bakcell”, “GoldenPay”, “Microsoft Azərbaycan” və “PAŞA Sığorta” şirkətlərinin dəstəyi, “1news.az”, “Azərbaycan İntellektual Klublar Assosiasiyası”, “ARB TV”, “ASAN xidmət”, “Bir” Tələbə-Könüllü proqramı, “Code Tusi”, “Edumap” Təhsil portal, “Edutainment.az”, “Engineering For Kids”, “SABAH” qrupları, “Şərq-Qərb” ASC, “Təhsil TV və “Youth Inc.” Sahibkarlıq Proqramının tərəfdaşlığı ilə reallaşdırılıb.