REGİONLAR
“Təhsil avtobusu” Gəncə və Göygöldə
Gəncə, 19 iyul, AZƏRTAC
Kapital Bankın “Azərbaycan üçün öyrət” beynəlxalq təhsil proqramı çərçivəsində həyata keçirdiyi “Təhsil avtobusu” yay məktəbinin iştirakçılarının növbəti məkanı Gəncə olub.
AZƏRTAC xəbər verir ki, “Təhsil avtobusu” yay məktəbinə Bakı da daxil olmaqla, ölkənin müxtəlif regionlarında təhsil alan, akademik göstəriciləri aşağı olan şagirdlər seçilib.
Rəsmi tərəfdaşı Təhsil Nazirliyi olan yay məktəbinin əsas məqsədi bu şagirdlərin akademik göstəricilərinin qaldırılmasına yardım etməklə yanaşı, onları həvəsləndirmək və biliyə olan inamlarını artırmaqdır. Eyni zamanda, pilot olaraq Bakı, Gəncə, Lənkəran, Şəki və Quba şəhərlərində həyata keçiriləcək layihə əsasında əlavə təhsil imkanları ilə şagirdlərin bilik və dünyagörüşünü artırmaqdır.
Göygölün Toğanalı kəndində keçən tədbirdə Gəncənin 5 məktəbindən 46 şagird iştirak edib. 14 təlimçi tərəfindən 8-ci sinif şagirdləri üçün müxtəlif platformalar üzrə aparılan təlim və intellektual oyunlar fərdi inkişaf məqsədi daşıyıb.
Hər bölgədə 2 gün davam edən layihədə müəllimlər, şagirdlərin mövcud biliklərini, mənimsəmə qabiliyyətini dəyərləndirmək üçün bir sıra mövzuları tədris edəcəklər.
İyulun 21-də yekunlaşacaq layihənin iştirakçıları daha sonra Şəkiyə yola düşəcəklər.