REGİONLAR


“Təhsil avtobusu-Nəsimi” yay məktəbinin iştirakçıları Astarada

Astara, 25 iyul, Bağır Əliyev, AZƏRTAC

İyulun 25-də Təhsil Nazirliyinin "Azərbaycan üçün öyrət" təhsil proqramı çərçivəsində “Nəsimi ili”nə həsr olunmuş “Təhsil avtobusu-Nəsimi” yay məktəbinin iştirakçıları Astaraya səfər ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, layihənin açılış mərasimində layihə heyəti, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin, “Kapital Bank”ın, Astara Rayon İcra Hakimiyyətinin və rayon təhsil şöbəsinin nümayəndələri iştirak ediblər.

Çıxışlarda qeyd olunub ki, "Təhsil Avtobusu-Nəsimi" yay məktəbinin məqsədi şagirdlərin şəxsi inkişafına stimul vermək, həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına təsir etmək, onların dərsə marağının artımasına şərait yaratmaq və Nəsimi yaradıcılığının tanıdılmasıdır.

Diqqətə çatdırılıb ki, iyulun 29-dək davam edəcək "Təhsil avtobusu-Nəsimi" yay məktəbi Bakı-Qusar-Astara-Cocuq Mərcanlı-Qazax-Şamaxı-Bakı marşrutu üzrə səyahət edəcək.

Yay Məktəbi çərçivəsində bu bölgələrdəki kənd məktəblərinin akademik göstəriciləri zəif və orta olan şagirdlər təlimçi və ekspertlər tərəfindən keçiriləcək peşə, natiqlik, incəsənət, fərdi-inkişaf təlimləri və intellektual yarışlarda iştirak edəcəklər.

Astarada keçirilən yay məktəbində rayonun Ərçivan 1, 2, 3, 4 nömrəli, Pensər, Artupa, Kakalos, Şahağac kənd 1 və 2 nömrəli, Şiyəkəran kənd 1 nömrəli, Suparibağ, Alaşa, Rüdəkənar, Qapıçıməhəllə, Seləkəran kənd məktəblərinin orta göstəriciləri zəif və orta olan 6-9-cu sinif şagirdləri iştirak ediblər.

Şagirdlər üçün "Xəyal et və yarat", “Sabahı düşün”, "Gələcəyə addımla", "Mən uğurlu natiqəm”, “Cahanı kəşf et” komanda oyunu və "Nə? Harada? Nə zaman?" intellektual yarışı keçirilib.

Təlimlərdə və oyunlarda fəal iştirak edən şagirdlərə sertifikatlar təqdim olunub.

"Təhsil Avtobusu-Nəsimi" yay məktəbinin növbəti ünvanı Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.