REGİONLAR


“Təhsil avtobusu – Qayıdış” layihəsinin növbəti dayanacağı Sabirabad rayonu olub VİDEO

Sabirabad, 9 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC

Cəbrayıl, Füzuli və Zəngilan rayonlarının şagirdləri “Təhsil avtobusu – Qayıdış” layihəsində iştirak ediblər. Şagirdlər asudə vaxtlarını səmərəli keçirməklə bərabər, həm də bir sıra intellektual yarışlara qatılıblar. Layihənin açılış mərasimində Təhsil Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və “Kapital Bank”ın nümayəndələri, təlimçilər, BİR könüllülər, SABAH tələbələri iştirak ediblər.

Layihənin rəhbəri Ülviyyə Axundova AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Sabirabad rayonunda keçirilən görüşdə incəsənət və yaradıcılıq, peşə, sağlamlıq, debat və natiqlik, motivasiya istiqamətində təlimlər və “Nə? Harada? Nə zaman?” intellektual yarışı təşkil olunub.

Sumqayıt şəhərindən başlayan “Təhsil avtobusu” Sabirabad rayonundan sonra Ağcabədi rayonuna səfər edəcək.

Layihənin məqsədi korporativ sosial məsuliyyət çərçivəsində təhsilin keyfiyyətinin yüksəldilməsində ictimaiyyətin iştirakına imkan yaradılması, şagirdlərin şəxsi inkişafına stimul vermək, həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına təsir etmək, təhsilə olan marağın artmasına və qayıdış prosesinə şagirdlərin adaptasiyasına şərait yaratmaqdır.

Layihə çərçivəsində işğaldan azad olunan bölgələrin (Şuşa, Ağdam, Kəlbəcər, Xocalı, Xocavənd, Laçın, Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli) şagirdlərinin yaşadığı və təhsil aldığı rayonların marşrutu üzrə (Bakı-Sumqayıt-Sabirabad-Ağcabədi-Bərdə-Gəncə-Oğuz-Bakı) səfər olunacaq və ümumilikdə, 192 çox şagirdi əhatə edəcək.

“Təhsil avtobusu – Qayıdış” layihəsi Təhsil Nazirliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və “Kapital Bank”ın əsas dəstəyi, “Vətəndaş Cəmiyyətində Debat” İB, “Qarabağa dönüş” İctimai Birliyi, Vitam Reklam və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi, Spatrix, Azərbaycan İntellektual Klublar Assosiasiyası, Asmart yaradıcılıq mərkəzi, Azərbaycan Skautlar Assosiasiyası, “Bir” Tələbə-Könüllü proqramı, Kids Inc., proqramı, “SABAH” qrupları, Edumap Təhsil portal tərəfdaşlığı ilə keçirilir.

Qeyd edək ki, “Təhsil avtobusu” yay məktəbi “Azərbaycan üçün öyrət” Milli Təhsil Proqramının respublikamızın müxtəlif şəhər və rayonlarını əhatə edən təhsil marafonudur və 2016-cı, 2017-ci, 2018-ci və 2019-cu illərdə keçirilən “Təhsil avtobusu” yay məktəbi nəticəsində 8500 kilometr yol qət edilib, Bakı və 17 bölgənin 32 şəhər və 75 kənd-qəsəbə məktəbi, 22 ali və orta ixtisas təhsili müəssisəsinin 750-dən çox şagirdi cəlb olunub. Təlimçi və ekspertlər tərəfindən 250 akademik saatdan çox təhsil proqramları və komanda-öyrədici oyunları keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.