ELM VƏ TƏHSİL
Təhsil işçilərinin vaksinasiyasında iştirak edən “Məktəblinin dostu”nun əməkdaşları və məktəb direktorları mükafatlandırılıb
Bakı, 24 iyun, AZƏRTAC
Təhsil Nazirliyinin təşkilatçılığı və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi ilə təhsil işçilərinin vaksinasiya prosesinin təşkilində iştirak edən “Məktəblinin dostu” layihəsinin əməkdaşları və məktəb direktorlarının mükafatlandırılması mərasimi keçirilib.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Tədbir Azərbaycan respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən təhsil naziri Emin Əmrullayev “Məktəblinin dostu” layihəsinin əməkdaşlarının vaksinasiya prosesinin təşkilində fəaliyyətini yüksək qiymətləndirib. Nazir pandemiya dövründə “Məktəblinin dostu” layihəsi çərçivəsində məktəblərdə aparılan xüsusi iş prosesindən geniş söz açıb.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib ki, Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində təhsil işçilərinin vaksinasiyada fəal iştirakı peyvəndləmə prosesinin uğurla həyata keçirilməsinə öz töhfəsini verib. Zaur Əliyev təlim-tədris prosesinin fasiləsiz təmin olunması üçün vaksinasiya işinin bu cür yüksək səviyyədə təşkilinin təqdirəlayiq olduğunu deyib.
Daha sonra təhsil işçilərinin vaksinasiya prosesinin təşkilində iştirak edən 44 məktəblinin dostu, 10 heyət üzvü, 13 direktora sertifikatlar və müxtəlif hədiyyələr təqdim olunub.